Müsəlmanlar
Bəqərə surəsinin 200-cü ayəsi təriqətlərin ucadan zikrinə sübutdur?

Bəqərə surəsinin 200-cü ayəsi təriqətlərin ucadan zikrinə sübutdur?

Sual: Deyilənə görə Quranın Bəqərə surəsinin 200-cü ayəsi ucadan zikr üçün bir dəlildir. Həqiqətən də, bu ayənin təriqətlərdəki zikrlə bir əlaqəsi var?

Cavab: Xeyr, əlaqəsi yoxdur. Məlumdur ki, peyğəmbərin vəfatının üstündən xeyli vaxt keçdikdən sonra müsəlman dünyasında Uzaq Şərqdən gələn batil fikirlərin təsiri ilə təriqətlər və sufi cərəyanları (təsəvvüf) meydana gəlib. Beləcə, təzə bir struktur formalaşmış, Allah və bəndənin arasına şeyxlər “daxil olmağa” başlamışdır. Nəticədə Uzaq Şərq və ya yəhudilərin Kabbala (Qabbala) mistikasından irəli gələn bir sıra batil fikirlər müsəlmanların arasında özünə möhkəm yer tutub.

Təriqətlərin Quranda özləri ilə əlaqədar açıq-aydın bir ayə tapmaqları qeyri-mümkündür. Buna görə də Quranın bəzi ayələrini özlərinə tərəf “çəkməyə” çalışırlar. İddia edirlər ki, filan ayə bizimlə əlaqədardır. Halbuki belə bir şey mümkün deyil.

Bizim onlara məsləhətimiz odur ki, şeyxinizi bir müəllim kimi görün. Əgər şeyxiniz sizə dininizi öyrədir, Allahla bəndənin arasına girmir və: “Gəlin, məndən əl alın”, – demirsə, qısa desək, sadəcə olaraq bir müəllimdirsə, bunun bir eybi yoxdur.  Yəni, onun haqqında: “Bu həzrət qəbir və axirət həyatında bizim üçün filan şeyləri edəcək” kimi bir fikir hökm sürmürsə, bir problem yoxdur. Amma ondan bir sıra mənəvi-ruhani şeylər umursunuzsa, buna görə axirətdə mütləq haqq-hesaba çəkiləcəksiniz.

İnsanı ən çox yoldan çıxardan da dünya malına olan sevgidir. Əgər siz insanları istismar etmək istəyirsinizsə, bilin ki, bu, dindən sui-istifadə etmədən, xeyli çətindir. Din birinci sırada yer tutur. Sonra sağlamlıq, daha sonra təlim-tərbiyə və təhsil sahəsi gəlir. Bu sahələrdən sui-istifadə yolu ilə insanları istismar etmək mümkündür. Bununla belə, bunlardan heç biri din sahəsindəki istismarın yerini tuta bilməz.

Əgər bu işləri düzgün yerinə yetirmək istəsən, insanlara: “Allaha qul (bəndə) olun”, – deməlisən. Elə isə Allaha bəndə olan insan nə üçün sənin qulun olmalıdır? “Allaha gedən yol bizdən keçir” dediyin vaxt insanlar təbii ki, sənin qulun olarlar. Bu da öz növbəsində yolverilməzdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.