Müsəlmanlar
Qeyri-müsəlman ölkədə faiz almaqla əlaqədar hədis var?

Qeyri-müsəlman ölkədə faiz almaqla əlaqədar hədis var?

Sual: Eşitmişəm ki, bir hədisdə qeyri-müsəlman ölkələrdə faiz almağa icazə verilib. Bu məlumat düzdür? Əgər varsa, həmin hədis mötəbərdir?

Cavab: Qeyri-müsəlman ölkələrdə faiz alıb verməyin icazəli olduğunu bildirən hər hansı bir hədis yoxdur. Ancaq Hənəfi məzhəbinə mənsub olan bəzi insanlar aşağıdakı rəvayəti əsas götürürlər:

لَا رِبَا بَيْنَ الْمُسْلِمِ وَالْحَرْبِيِّ فِي دَارِ الْحَرْبِ

“Daru-l-hərbdə müsəlman ilə hərbi-nin (daru-l-hərbdən olan) arasında fərq yoxdur.” ((əl-Mərğinani, əl-hidayə, 3-cü cild, s. 66.))

İmam Zeylai (v.t. 762/1360) bu rəvayəti nasbu-r-rayə li əhadisi-l-hidayə adlı əsərində “qərib” kimi qiymətləndirib. ((4-cü cild, s. 44. İmam Şafi-nin bu rəvayətin dəlil olmağının qeyri-mümkünlüyü barədə ifadəsi üçün baxın: əl-Ümm, 7-ci cild, s. 359.)) Onun fikrincə qərib hədis sənəd-sübutu olmayan rəvayətdir. ((Abdullah Aydınlı, hədis istilahları sözlüyü, İstanbul, 2006-cı il, s. 101.))

İbn Həcər əl-Əsqəlani (v.t. 852/1449) də belə bir rəvayət tapa bilmədiyini ((لم أجده)) qeyd edib. ((əd-dirayə fi təxrici əhadisi-l-hidayə, 2-ci cild, s. 158.))

Qeyd edək ki, bu rəvayət mənbələrdə müxtəlif sözlərlə (ləfz) qeyd olunub. ((Ətraflı məlumat üçün baxın:  Şafi, əl-ümm, 7-ci cild, s. 359; Beyhəqi, mərifətu-s-sünən və-l-asar, 13-cü cild, s. 272.)) Hənəfi mənbələrində də yeganə ravisi tabeindən olan Məkhuldur (v.t. 112/730). Bu rəvayət mürsəl yolla (əshabələrin üzərindən keçməklə, onlar olmadan) Muhəmməd peyğəmbərə (s. a. v.) aid edilib. Beləliklə, bu hədis əsas tutula bilməz. Onun belə bir xüsusiyyəti yoxdur.

Hənbəli fiqh alimlərindən biri olan İbn Qüdamə-nin (v.t. 620/1223) aşağıdakı sözləri bu məsələyə aydınlıq gətirir:

“Haramlığı Quran, Sünnə və icma ilə sübuta yetirilən bir hökmü mötəbər (səhih) və yaxud müsnəd və ya digər mötəbər hədis mənbələrində qeyd olunmayan məchul bir rəvayətə əsasən tərk etmək (bir kənara qoymaq, əməl etməmək, nəzərə almamaq) olmaz. Əlavə olaraq, hədis həm mürsəldir, həm də (Ərəb dilinin qaydaları baxımından) Allahın elçisinin faizi daru-l-hərbdə də qadağan etdiyini bildirə bilər. Çünki “faiz olmaz” ifadəsi “faiz qadağandır” kimi də başa düşülə bilər. Misal üçün, bir Quran ayəsində belə deyilir:

فلا رفث ولا فسوق ولا جدال فى الحج

“Həccdə qadına yaxınlıq etmək, pis söz danışmaq və vuruşmaq olmaz.” (Bəqərə, 2/197) ((MƏNBƏ: İbn Qüdamə, əl-muğni, 4-cü cild, s. 176-177.))

Nəticə etibarilə belə bir hədis yoxdur. Eləcə də, faiz almaq və vermək istər müsəlman, istərsə də qeyri-müsəlman ölkələrdə haramdır.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavabları da nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/3220.html

http://www.muselmanlar.com/fitvalar/qeyri-muselmanlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.