Sual: İhdad nə deməkdir? Bir kitabda deyilir ki, qadın ihdad elədi. Bunun mənası nədir?
Cavab: İhdad (احداد) sözü Ərəb dilində mane olmaq, qadağan etmək, hədd qoymaq deməkdir. İslam hüququnda isə bir termin kimi aşağıdakı mənada işlədilir:
Əri ölən və yaxud qəti bir boşanma ilə ailə həyatı başa çatan qadının müəyyən müddətə bəzi hərəkətlərdən (məsələn, bəzənib düzənmək, zinət əşyaları taxmaq, ətir vurmaq, sürmə və makiaj kimi) çəkinməsi.
İslamdan əvvəlki dövrdə əri ölən qadın özünü 1 il ərzində darısqal bir otağa qapayır, ən pis paltarını geyinir, yuyunmadan, dırnaqlarını kəsmədən pəjmürdə bir halda (bəzən də saçlarını tamamilə kəsdirərək) yas saxlayırdı. Daha dəqiq desək, o dövrdə cəmiyyətin bu məsələdə təzyiqi də var idi.
İslam dini isə bütün məsələlərdə olduğu kimi, bu məsələdə də bir sıra qaydalar qoydu. Əri ölən qadına bəzənib düzənməyi, eləcə də, deyib gülməyi tərk edib qəm-qüssəsini büruzə verməyə icazə verdi. Bununla belə, ona qışqırıb bağırmaq, üzünü gözünü yolmaq və ifrat dərəcədə yas saxlamağa icazə vermədi. Nəticədə ölənin ardınca 3 gün, əri ölən qadının isə iddə müddəti ərzində yas saxlamağı mümkün hesab edildi.
Lakin bütün bunlar dini bir tapşırıq və şərt deyil; insan psixologiyasının ölüm qarşısında hiss etdiyi sarsılmanı öz üzərindən kənarlaşdırmağı üçün verilən bir icazədir.
QEYD: Cavab hazırlandığı vaxt İbrahim Kafi Dönməzin rəhbərlik etdiyi heyət tərəfindən hazırlanan “İslamda inanc, ibadət və gündəlik yaşayış ensiklopediyası”ndan istifadə edilmişdir.
Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı mənbəyə müraciət edə bilərsiniz:
İslam ensiklopediyası, ((Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilmişdir, Türk dilindədir.)) 21-ci cild, İstanbul, 2000, s. 530-532. ((Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.