Sual: Deyilir ki, ölənlərin dalınca Quran oxumaq olmaz. Çünki bunun ölənə bir xeyri yoxdur. Belə olan halda peyğəmbərin: “Rəhmətə gedənlərinizin arxasından Yasin oxuyun” hədisi necə olacaq? Hədisdə deyilir ki, oxuyun. Siz isə: “Oxumayın”, - deyə, fitva verirsiniz. Bu işi nə cür başa düşək?
Cavab: Həzrəti Muhəmmədə (s. a. v.) aid edilən bu hədis rəvayəti aşağıdakı kimidir:
“Ölülərinizin arxasınca Yasin oxuyun (اقرءوا { يس } على موتاكم).” ((Əbu Davud, Cənaiz, 24; İbn Macə, Cənaiz, 4.))
Müxtəlif hədis alimləri öz əsərlərində bu rəvayətin zəif olduğunu qeyd ediblər. Əbu Bəkr ibnu-l-Ərəbi qeyd edib ki, Darəqutni bu rəvayətlə əlaqədar olaraq: “Bu hədisin sənədi zəifdir. Mətni naməlumdur. Bu məsələdə səhih (mötəbər) bir hədis yoxdur.”, – deyib. ((İbn Həcər əl-Əsqəlani, ət-təlxisu-l-xəbir, 2-ci cild, s. 244-245. Əlavə olaraq, baxın: Mizzi, töhfətu-l-əşraf, 8-ci cild, s. 475; İbnu-l-Qəttan, bəyanu-l-vəhm və-l-ihami-l-vaqieyn fi kitabi-l-əhkam, 5-ci cild, s. 49.))
Məlumdur ki, zəif hədislər dini məsələlərdə dəlil ola bilməz.
Ölülərin ardınca Quran oxumaq məsələsinə dair elmi bir məqalə qələmə alan professor Mustafa Özəl (Türkiyə) belə bir nəticəyə gəlib:
1) Quranda ölüyə Quran oxumaqla əlaqədar nə birbaşa, nə də dolayı yolla bir məlumat yoxdur.
2) Peyğəmbərimizin hədislərini ehtiva edən məqbul və mötəbər hədis kitablarında da bu məsələyə bilavasitə toxunan səhih (düzgün, mötəbər) bir rəvayət yoxdur. Mənbələrdə qeyd olunan hədislərin demək olar ki, hamısı ya zəif, ya da mövzu (uydurma, saxta) hədislərdir. Səhih hədis kitablarındakı yeganə hədis Əbu Davud və İbn Macənin külliyatlarında qeyd olunub. Onda da problem var. Belə ki, hər iki mənbədə də Məqil ibn Yəsar tərəfindən nəql olunub və Yasin surəsinin oxunması ilə əlaqədardır. Birinci mənbədə “alə (علي)” cər ədatı ilə, ikincidə isə “ində (عند)” məkan (yer) zərfi ilə işlənib.
3) İslam dininin erkən dövrlərində belə bir şey olmayıb (ölüyə Quran oxumaq). Bu, çox güman ki, tarixən meydana gələn bir məsələdir. Başqa cür desək, bu, bir sıra psixo-sosial səbəblərdən irəli gəlmiş ola bilər. Yəni, heç olmasa, belə hesab etmək olar ki, müsəlmanlar o dünyaya göndərdikləri (ölən) dindar insanlarla münasibətlərini bir növ davam etdirmək istəyiblər. Onlara Quran oxumağı da hörmət əlaməti kimi qəbul ediblər.” ((Mustafa Özəl, “Ölünün ardından Quran oxunmasının dini əsasları”, İslam hüququ araşdırmaları jurnalı, nömrə 7, aprel 2006, s. 484-485.))
Ölüyə Quran oxumaq və Quran tapşırmaqla əlaqədar olaraq aşağıdakı qısa yazıya nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/3215.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.