Müsəlmanlar

Əcluninin “Kəşfu-l-xəfa” əsəri mötəbər bir mənbədir?

Sual: Əcluninin “Kəşfu-l-xəfa” adlı əsərini mötəbər bir mənbə kimi qəbul etmək olar?

Cavab: Qısa adı ilə “Kəşfu-l-xəfa” kimi məşhur olan bu əsər İsmayıl ibn Muhəmməd əl-Acluni-nin (hicri 1167, miladi 1749-cu ildə vəfat edib) camaat arasında peyğəmbər hədisi kimi bilinən rəvayətlərlə əlaqədardır. Onların hansının mötəbər (səhih), hansının mövzu (uydurma, yalançı), müdrik kəlam, atalar sözü və ya aforizm olub olmadığını müəyyən etmək məqsədilə qələmə alınıb. Əsas etibarilə Şəmsəddin əs-Səxavinin “əl-Məqasidu-l-həsənə” əsərinə istinad edir.

Bu əsər tədqiq edildikdə məlum olur ki, müəllif bəzi alimlər tərəfindən mövzu qəbul olunan rəvayətləri müdafiə edir, onların zəif və ya həsən li qeyrihi qəbilindən olduğunu bildirir, bəzən də bir rəvayəti nəql edən hər hansı bir mənbəyi təkcə qeyd etməklə kifayətlənir, bir hədis rəvayəti barədə alimlərin fikirlərini qeyd etməklə yanaşı, o haqda qəti bir fikir də bildirmir.

Acluni eyni zamanda hədis olmadığını dediyi, yaxud da tərəddüd etdiyi müxtəlif sözlərin mənasının səhih olduğunu demişdir. Bunun kimi, bir sıra rəvayətlərin məzmunun əsassız (batil, qondarma) olduğunu da qeyd etmişdir.

Bütün bunlarla bərabər kitabda səhvən yol verilmiş təkrarlar, eləcə də, təhlil edilmədən buraxılmış rəvayətlər və hədis olub olmadığına dair bir fikir bildirilməyən, yəni, tədqiq olunması istənilən sözlər də var. ((MƏNBƏ: Bünyamin Erul, “Keşfü’l-Hafa”, Türkiye Diyanet Vakfı İslam Ensiklopediyası, 25-cild, s. 320-321.))

Nəticə olaraq demək olar ki, “Kəşfu-l-xəfa” əsas və müstəqil bir hədis mənbəyi deyil. Odur ki, bir rəvayəti əsas hədis kitablarına da baxıb yoxlamadan: “Bu hədis Kəşfu-l-xəfa adlı əsərdə qeyd olunub”, – demək və onu tək başına mənbə kimi göstərmək olmaz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.