Müsəlmanlar
Vacib namazı üzrsüz yerə tək qılmaq olar?

Vacib namazı üzrsüz yerə tək qılmaq olar?

Sual: Vacib (fərz) namazları heç bir üzrlü səbəb olmadan özümüz tək qıla bilərik? Quran və hədislərdə belə bir şey var?

Cavab: Həzrəti Muhəmmədin sünnəsində cəm halda (camaatla) namaz qılmağa böyük əhəmiyyət verilib. Həmin dövrdə camaat halında namaz qılmaq o qədər vacib idi ki, üzrsüz yerə cəm namazında iştirak etməyənlərə haradasa münafiq kimi baxırdılar. Həzrəti Muhəmməd gözləri görməyən bir əshabəyə xəbərdarlıq etmişdi ki, əzanı eşitdiyi müddət ərzində cəm namazını tərk etməsin.

Bəzi İslam alimləri bu məsələ ilə əlaqədar dəlillərə əsasən camaatla namaz qılmağın fərzi-eyn, bəziləri də fərzi-kifayə olduğunu bildiriblər. Ancaq əksəriyyətin fikri belədir ki, bu, sünnəti-müəkkədədir. Çünki Abdullah ibn Ömərin vasitəsilə nəql edilən bir hədisdə belə deyilir:

“Camaatla qılınan namaz tək qılınan namazdan 27 dərəcə fəzilətlidir.” ((Buxari, Əzan, 30; Müslim, Məsacid (məscidlər), 249; Nəsai, İmamət, 42; İbn Macə, Məsacid (məscidlər), 16.))

Buradakı “fəzilətlidir” ifadəsi camaatla namaz qılmağın hökmünün fərz (vacib) olmadığını göstərir. Bununla belə, üzrsüz səbəbdən cəm namazını tərk etməmək lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.