Sual: İslam dinində söyüş söyməyə münasibət necədir?
Cavab: İslam dininə əsasən söyüş söymək qəti surətdə qadağandır. Bir insanın (kim olursa, olsun) namusuna, millətinə, şəxsiyyətinə və ailə üzvlərinə söymək olmaz. Ümumiyyətlə heç kəsə qarşı təhqirə yol vermək olmaz.
Həzrəti Muhəmməd peyğəmbər (s. a. v.) bildirir ki, bir müsəlmana söymək ağır bir günah (füsuq), onunla döyüşməyə təşəbbüs etmək isə küfrdür. ((Baxın: Buxari, İman, 36, Ədəb, 44.)) Onun hədislərində ata-anaya, əshabələrə, ölülərə, dünyaya, dağa-daşa, zəmanəyə, eləcə də, külək və heyvanlara söymək də qadağan olunub.
Qeyd edək ki, bu məsələ ilə əlaqədar olaraq İslam əxlaq elmində işlədilən səbb və şətm kimi ifadələrə də toxunmaq lazımdır. Lüğəvi mənası söyüş söymək və bir nəfəri pis sözlərlə pisləmək olan bu ifadələr Allah, peyğəmbər və əshabələr haqqında inkar, lağ etmək, gözdən salmaq və xor baxmaq kimi arzuolunmaz əməlləri bildirir.
Nəticə olaraq, müsəlman bir insan heç vaxt kimi isə təhqir etməməli, heç bir halda söyüş söyməməlidir. Quranda deyilir ki, Allahdan başqasına sitayiş edənlərə belə söyməyin:
“(Müşriklərin) Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər.” (Ənam, 6/108)
Aşağıdakı cavab da sualınızla əlaqədardır:
http://www.muselmanlar.com/fitvalar/3897.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.