Müsəlmanlar
Əshabi-qəryə

Əshabi-qəryə

Sual: Qurandakı əshabi-qəryə ifadəsi ilə kimlər nəzərdə tutulur?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, qəryə sözü Ərəb dilində ümumiyyətlə insanların yığışdıqları yer mənasını verir. Eyni zamanda kənd və qəsəbə kimi kiçik yaşayış məntəqələrinə də qəryə deyilir. Bununla belə, eyni söz Quranda Məkkə və Qüds (Yerusəlim) kimi böyük şəhərlər haqqında da işlədilir.

Qurandakı əshabi-qəryə ifadəsi ilə tükürpədici bir səslə (səs dalğası) məhv edildiyi bildirilən bir əhali nəzərdə tutulur. Biz bunu aşağıdakı Quran ayələrindən öyrənirik:

Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini (أَصْحَابَ الْقَرْيَةِ) misal çək.

O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.

Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli (Allah) (sizə) heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.

(Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.

Bizim vəzifəmiz ancaq (vəhy olunanı) aşkar təbliğ etməkdir”.

Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.

(Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti (bəd əlamət sayırsınız)? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.

Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!

Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!

Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allaha) ibadət etməyim?

Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli (Allah) mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.

Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.

Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”

(Şəhərin sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki,

Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.

Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

(Onları məhv edən) ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.” (Yasin, 36/13-29)

Quranda əshabi-qəryənin kimlər olduğuna və onlara hansı elçinin göndərildiyinə dair konkret bir məlumat yoxdur. Təfisr kitablarında deyilir ki, həmin yaşayış məntəqəsi indiki Türkiyə ərazisində yerləşən Antakiya, elçilər isə həzrəti İsanın həvariləri olublar. Bir sözlə, bu məsələ mübahiəlidir. Ancaq bu əhvalatda bizim üçün əsas olan onların aqibətindən dərs almaqdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.