Sual: İrəm nə deməkdir? Quranda belə bir söz qeyd olunur?
Cavab: Quranın Fəcr surəsinin 7-8-ci ayələrindəki ((“Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?! (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı”. Fəcr, 89/7-8.)) İrəm sözü ilə Hud peyğəmbərin qövmü olan Ad xalqının yaşadığı və gözəllikdə tayı-bərabəri olmayan şəhər nəzərdə tutulur. Həmin şəhər öz bağ-bağatı ilə məşhurdur. Lakin sonra o qövmün haqq yoldan çıxıb azğınlıq etdiyinə görə məhv edilmişdir.
“İrəm sözü Şərq və İslamla əlaqədar ədəbiyyatda ən çox (Baği-İrəm, Gülistani-İrəm) formasında xoşbəxtlik bəxş edən, gözəl , görkəmli və möhtəşəm binaları, evləri və oxşar yerləri bildirən mənalarda işlədilib. İrəm bağları rəngbərəng ağacları ilə bahar fəslini təmsil edir; əlavə olaraq sevgilinin (yar, məşuq) olduğu yeri, gəzib dolaşdığı bağı və bu kimi yerləri təsvir və tərənnüm etmək üçün istifadə edilir”. ((Ətraflı məlumat üçün baxın: Ömer Faruk Harman, “İrem” bəndi (Türk dilində), Türkiye Diyanet Vakfı İslam Ensiklopediyası, 22-ci cild, s. 443.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.