Müsəlmanlar

1-ci və 4-cü gün orucunda mütləq səhura durmaq lazımdır?

Sual: Ramazandankənar oruc tutduğumuz vaxt (məsələn, həftənin 1-ci və 4-cü günləri) səhur yeməyi üçün yuxudan durmaq lazımdır? Yoxsa belə bir şərt yoxdur? Bəzi adamlar deyirlər ki, belə şərt var. Amma mən dura bilmirəm. Gec yatdığım üçün yuxudan oyanmağım çətin olur. Belə olan halda mən oruc tuta bilmərəm?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, imsak vaxtından qabaq yeyilən yemək səhur yeməyi adlanır. Səhura durmaq orucun şərtlərindən biri deyil. Ancaq bu, məsləhət görülən bir işdir. Əlavə olaraq peyğəmbərin sünnəsidir. Səhhət baxımından da çox yaxşıdır. Bununla əlaqədar hədislər var:

“Səhur yeməyi yeyin. Çünki səhurda bərəkət var.” ((Buxari, Savm, 20; Müslim, Siyam, 45.))

Bizim orucumuzla əhli-kitabın (yəhudi və xristianların) orucları arasında fərq bizim səhur yeməyi üçün qalxmağımızdır.” ((Tirmizi, Savm, 17.))

Bununla belə, səhura durmayanlar və dura bilməyənlər də oruc tuta bilərlər. Əsas odur ki, imsak vaxtı başlayandan sonra bir şey yeyilib içilməsin.

Orucun vacib, qəza orucu və ya müstəhəb oruc olmağının mətləbə dəxli yoxdur. Vəziyyət eynidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.