Müsəlmanlar

Təcəssüs

Sual: Təcəssüs nədir? Quran və Sünnədə bu barədə nə deyilir?

Cavab: Təcəssüs sözü Ərəb dilində toxunmaq, yoxlamaq, göz dikmək kimi mənalar bildirən cəss kökündən əmələ gəlib. Lüğəvi mənaları hansısa bir şey haqqında məlumat toplamaq, itən şeyi axtarmaq, icad və kəşflə maraqlanmaqdır.

Bununla yanaşı, təcəssüs sözü pis bir məqsəd güdərək gizli məsələləri araşdırmaq mənası da verir. Qeyd edək ki, casus sözü də təcəssüs sözü ilə eyni mənşədən yaranıb.

Təcəssüs  İslam əxlaq elmində işlədilən bir termindir. Mənası başqalarının bilinməyini istəmədikləri gizli hallarını öyrənmək üçün cəhd etmək, insanların eyib və qüsurlarını araşdırmaq deməkdir.

Təcəssüslə məşğul olmaq İslam dinində (Quran ayələri və peyğəmbər hədisləri tərəfindən) qadağan edilib. Belə ki, Quranın Hucurat surəsinin 12-ci ayəsində deyilir:

“Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.”

Həzərti Muhəmmədin (s. a. v.) bu məsələ ilə əlaqədar bir hədisi də aşağıdakı kimidir:

“Müsəlman qardaşının eyiblərini araşdıran şəxsi evində olsa belə, Allah Təala biabır edər.” (MƏNBƏ: Buxari və Tirmizi)

Bir şəxsin həyat tərzi, evi (ailə), işi, gəliri və gizli qalmağını istədiyi digər məsələləri ilə əlaqədar təcəssüslə məşğul olmaq, kimi isə güdmək, eləcə də, məktublarını açmaq və telefonuna qulaq asmaq İslama əsasən qadağandır.

QEYD: Cavab hazırlandığı vaxt İbrahim Kafi Dönməzin rəhbərlik etdiyi heyət tərəfindən hazırlanan “İslamda inanc, ibadət və gündəlik yaşayış ensiklopediyası”ndan istifadə edilmişdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.