Müsəlmanlar

Evdə pişik saxlamaq olar?

Sual: Evdə pişik saxlamaq olar? Bəzi adamlar deyirlər ki, pişik murdar heyvandır, onu evə buraxmaq olmaz. Bizim evdə pişiyimiz var. Biz namaz qılanda gəlib yanımızda durur, qabağımızdan keçir. Görəsən, namaz batil olur? Bu məsələ İslam dinində nə cür qiymətləndirilir?

Cavab: Pişik insanlarla necə deyərlər, çox “oturub duran” bir heyvandır. Evdəki şeylərə tez-tez toxunur. Eləcə də insanın əl-ayağını yalayır.

Bununla belə, pişik murdar bir heyvan deyil. Muhəmməd peyğəmbərin (s. a. v.) bir hədisində onun haqqında belə deyilir:

“O (pişik), murdar deyil. Ancaq o, sizin yan-yörənizdə çox gəzib dolaşan bir heyvandır.” ((Hədis Buxari, Müslim, Nəsai və İbn Macənin külliyatlarında qeyd olunub.))

Əlavə olaraq, əti yeyilməyən heyvanlardan təkcə pişiyin artığı və ağız suyu təmiz hesab olunur.

Hədisdən də məlum olur ki, pişik pak bir heyvandır. Odur ki, onu evdə saxlamaq olar.

Pişik namazda qabağınızdan keçdiyi vaxt narahat olmayın. Bunun namaz baxımından bir eybi yoxdur. Onun tükü də təmizdir. Ona görə də namaz qıldığınız yerə düşən pişik tüklərinə görə narahat olmayın.

Təbii ki, evdə saxlanan pişiyi də təmiz saxlamaq lazımdır. Onun ayağına bulaşdırdığı və ya üstündə evə gətirdiyi nəcasəti təmizləmək həm heyvanın təmizliyi, həm də evdə yaşayanların sağlamlıq və rahatlığı baxımından vacib bir məsələdir.

Oxşar bir sual-cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3178.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.