Sual: Məlumdur ki, qadının iddə gözləməyinin əsl səbəbi hamilə olub olmadığını başa düşməkdir. Hal-hazırda tibb elmi çox inkişaf edib. Həkimlər bir qadının hamilə olub olmadığını sidik və qan analizi ilə çox qısa bir vaxt ərzində müəyyən edə bilirlər. Elə isə iddə müddətini də qısaltmaq lazım deyilmi?
Cavab: Təlaqla əlaqədar Quran ayələrində deyilir ki, ((Təlaq surəsi, 65/1-3; Bəqərə surəsi, 2/228-229.)) 1-ci və 2-ci boşanmanın iddə müddəti 3 qur, yəni, 3 təmizlik periodudur. Gəlin, həmin ayələrə nəzər yetirək:
“Ey peyğəmbər! Qadınları boşadığınız zaman, onları iddə [gözləmə] müddətlərində boşayın və gözləmə müddətini sayın. Rəbbiniz Allahdan qorxun! Onları evlərindən çıxartmayın. Onlar özləri də çıxmasınlar. Açıq-aşkar bir fahişəlik ediblərsə, bu başqa. Bunlar Allahın hədləridir. Kim Allahın hədlərini aşsa, özünə zülm etmiş olar. Nə bilirsən, bəlkə də, Allah bundan sonra meydana yeni bir vəziyyət çıxardacaqdır.
Qadınlar gözləmə müddətlərinin axırına gəldikləri zaman, onları ya yaxşılıqla saxlayın, ya da xoşluqla ayırın. İçərinizdən iki etibarlı şahid tutun. Şahidliyi Allah üçün yerinə yetirin! Bu, sizin aranızda Allaha və axirət gününə inananlara verilən bir öyüd-nəsihətdir. Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu açar.
Ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah onu məqsədinə çatdırar. Allah hər şey üçün bir ölçü qoymuşdur .”(Təlaq, 65/1-3)
Arvadını boşamaq istəyən kişi aşağıdakı qaydalara riayət etməlidir:
1. Boşanma iddə müddəti daxilində olmalıdır. Yəni, qadın heyz (aybaşı) halında olmamalıdır. Əgər təmizdirsə, həmin təmizlik dövrü ərzində əri ilə cinsi əlaqədə olmamış olmalıdır.
Bu dövrdə kişi həm heyzin qadına verdiyi əziyyətə görə, həm də arvadının onunla əlaqədə ola bilməməyi səbəbindən narahatlıq keçirir. Beləcə, arvadını asanlıqla boşaya bilir.
Heyzdən təmizlənmiş arvadı ilə əlaqədə olan kişi istəyinə çatdığı üçün arvadını yenə asanlıqla boşaya bilər. Hər 2 halda da boşanma etibarsızdır. Çünki bu, fitri olaraq belədir.
2. İddəni kişi hesablamalıdır. Boşadığı qadının evdə keçirəcəyi günləri ərin saymağı bu dövrdə onunla yaxından maraqlanmağı deməkdir.
3. Qadını evindən çıxartmamalıdır. 3 ay qədər davam edən (çəkən) gözləmə müddətini birlikdə keçirən ər-arvad bir-birlərini başa düşüb razılığa gələ bilərlər. Əgər razılığa gələ bilməsələr, deməli, aralarındakı problem böyükdür.
4. Qadın da evdən çıxmamalıdır. Qadın evi tərk etsə, araya soyuqluq girər. Nəticədə də ər-arvadı bir yerə cəm etmək məsələsi çətinləşir.
5. Kişi o müddətin daxilində və ya axırında arvadının yanına xoşluqla qayıtmalı, yaxud da xoşluqla ondan ayrılmalıdır. Zorla evlilik olmaz. Bu kimi şeylər ailəyə ziyan vurur. Əgər xoşluqla ayrılsalar, sonra yeni bir nikahla (təzədən) birləşə bilərlər.
6. İstər boşadıqda, istər qayıtdıqda və istərsə ayrıldıqda 2 nəfəri şahid tutmalıdır.
http://www.muselmanlar.com/fitvalar/2282.html
Beləliklə, vəziyyətdən xəbər tutan müsəlmanlar Nisa surəsinin 35-ci ayəsinə əsasən kişi və qadının ailələrindən 1 hakim vasitəsilə ər-arvadı barışdırmağa çalışırlar. Bütün bunlar kişinin arvadını 1 dəfə boşamağı üçündür.
Məlum olduğu kimi, iddə hamilələyi müəyyən etmək üçün deyil, tərəflərin bir yerdə yaşayıb yaşaya bilməyəcəklərini yaxşı-yaxşı başa düşmək üçündür. Halbuki bir qadının hamilə olub olmadığını elə 1-ci heyzdə də başa düşmək olur. Buna görə də iddəni hamilə olmaq ehtimalı olmayan qadınlar da gözləyirlər:
“Heyzdən kəsilmiş qadınlarınız barədə şübhəniz varsa, onların iddələri (gözləmə müddəti) 3 aydır. Hələ heyz görməyənlərin də belədirlər. Hamilə olanların müddətləri isə onlar hamiləlikdən azad olana (doğuş) qədərdir. Kim Allahdan qorxub çəkinsə, Allah onun işini asanlaşdırar.” (Təlaq, 65/4)
Vəziyyət belə olduğuna görə gözləmə müddətinin qısaldılmağından söhbət belə gedə bilməz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.