Müsəlmanlar

Surroqat analıq

SURROQAT ANALIQ

Müəllif: Əli Rza Demircan (ilahiyyatçı-alim)

Tərcümə edən: Fəqani Bəylərov (fəlsəfə doktoru: fəlsəfə və ilahiyyat elmləri)

Gəlin, əvvəlcə bu məsələnin təhlilində əsas götürdüyümüz bəzi İslam prinsip və qaydalarına nəzər yetirək:

1) İslam dinində evlilikdənkənar cinsi əlaqə və birlikdə yaşama/olma halları zina adlandırılır və bu, Allah tərəfindən haram edilmişdir. (İsra, 17/32)

2) Heç bir kişi və qadın diaqnoz, müayinə və müalicə məqsədi olmadan öz fərcini (cinsiyyət-çoxalma üzvü və ona yaxın yerlər) yoldaşından başqa heç kəsin yanında aça bilməz. (Nur, 24/31)

3) Övlad sahibi olmaq üçün cinsi əlaqədə olmaq lazımdır. Bununla belə, bu, kifayət deyil. Başqa sözlə desək, oğul-uşaq sahibi olmaq tale və qəza-qədər məsələsidir. Belə ki, Allah istədiyi şəxsə oğlan, istədiyinə qız uşağı verir. Həm oğlan, həm qız övladı da bəxş edir. Bəzilərini də zürriyyətsiz (sonsuz) edir. (Şura, 42/49-50) Deməli, qədərlə barışmaq, necə deyərlər, öz qismətinə razı olmaq lazımdır.

4) Allah Təala nəsil-nəcabət və evlilik vasitəsilə qohumluq qayda-qanunu qoyub. Ata-anaya yaxşılıq, nəfəqə (ailənin məişət xərclərinin ödənməsi), vəlayət (valideynlərin və ya valideyni əvəz edən şəxsin uşaqlara dair səlahiyyətləri),  miras və evlənməyə mane olan amillər kimi bir çox məsələ də bu qayda-qanunla sıx əlaqədardır. Bu səbəbdən ana da ata kimi açıq-aydın şəkildə məlum olmalıdır, bilinməlidir.

5) İnsan ən gözəl surətdə xəlq edilən bir məxluqdur. Onu alıb satmaq olmaz; eynilə bunun kimi, insanın “icarəyə” götürülməsindən də söhbət gedə bilməz. Daha açıq bir ifadə ilə desək, qadın öz bətnini aralarında nikah olmayan bir kişinin sperması ilə mayalanmış yumurta üçün aça bilməz. Öz uşaqlığını (latınca uterus, rusca матка) nəyinsə (pul və sairə) müqabilində və ya təmənnasız olsa da, “kirayə”yə verə bilməz.

İndi isə gəlin, yuxarıda qeyd etdiyimiz prinsiplərə əsasən əsl mövzumuza qayıdaq və bəzi məqamları yada salaq:

Süni mayalan(dır)ma metodunu müalicə formalarından biri kimi qəbul etmək olar. Belə olan halda;

a) Kişi spermasını təksə öz arvadından götürülən yumurtanı mayalandırmaq üçün verə bilər.

b) Qadın da öz növbəsində yumurtasını ancaq ərindən alınan spermanı mayalandırmaq üçün götürdə bilər.

c) Ər-arvad mayalanmış yumurtalarının özləri və yaxud başqaları üçün surroqat bir qadının bətninə köçürülməyinə icazə verə bilməzlər.

Artıq diqqətimizi əsl məsələmizə cəmləşdirib ona surroqat qadın, mayalanmış yumurtalarını verən ər-arvad və ya yumurtasını verən qadın, eləcə də, uşaq baxımından yanaşa bilərik.

1. Yuxarıdakı məlumatlardan məlum oldu ki, İslam qayda-qanunlarına əsasən qadın zəruri bir hal olmadıqca öz cinsiyyət-çoxalma üzvünü aça bilməz. Həmçinin uşaqlığını aralarında kəbin olmayan kişinin spermasını mayalandırmaq məqsədilə istifadəyə verə bilməz. Belə bir qadın harama batıb bütün bu işləri görsə belə, həqiqi mənada ana olmur, ola bilməz. Çünki mayalanan yumurta özünün deyil! Buna görə də o, öz uşaqlığını “kirayə”yə vermə nəticəsində dünyaya gətirdiyi uşaqla da həqiqi bir ruhi-mənəvi rabitə qura bilməz. Xüsusilə də hamiləlik periodunda.

2. Yumurtasını verən qadın heç bətnini “kirayə”yə verib doğan qadın qədər də ana ola bilməz. Ona görə ki, analıq qan vermək, bir canın yaradılmasına vasitəçilik etmək deməkdir. Hamiləlik vaxtı əzab-əziyyət çəkmək deməkdir. Analıq güclü bir emosionallıqla ana bətnindəki körpə ilə rabitə yaratmaqdır. Ana olmaq ilahi mərhəməti öz bətnində hiss etmək deməkdir. Bu, ruhla yanaşı, ümumi mənada bədəni ilə, xüsusən də döşləri ilə ana olmağa hazırlaşmaq deməkdir. Məhz buna görə də Quranın Loğman surəsinin 14-cü ayəsində ata-anaya yaxşılıq etmək əmr edildikdə anaya xüsusi diqqət yetirilir və onun çəkdiyi zəhmət və məşəqqət xüsusi olaraq vurğulanır.

3. Surroqat ananın doğduğu uşaq (ki, bu uşaq bütün hallarda digər müvafiq yolla dünyaya gələn uşaqlar kimi məsum olur) baxımından da problem yaranır. Yəni, burada ciddi bir sual yaranır: Bu uşaq kimi öz anası hesab edəcək?! Yumurtasını verən və daşıyıcı qadınların sonradan müvafiq yolla dünyaya gətirəcəkləri uşaqların hansıları ilə bacı-qardaş olacaq? Bir övlad kimi hansı qadından miras alacaq? Anası olaraq hansı qadına miras qoyub gedəcək? Bütün bunlardan belə çıxır ki, bu sahədə bir çox əxlaqi və hüquqi problemlərin yaranması da qaçılmaz bir nəticədir.

NƏTİCƏ: Bu məsələni İslam dini baxımından aşağıdakı kimi qiymətləndirmək mümkündür:

Ər-arvadın mayalanmış yumurtalarına tətbiq edilən surroqat analıq haram xarakterli şeytani bir işdir və onu caiz (dini cəhətdən münasib) hesab etmək olmaz. İkinci bir qadını kəbinlə həyat yoldaşı olaraq almaq məsləhətdir. İslama əsasən məhrəmiyyət və miras haqqı yaratmadığına görə rəsmi olaraq övlad götürmədən də qoruyucu ailə kimi yetimlərimizə yiyə durub Cənnətə gedən yola daxil olmaq lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.