Sual: Qadınlar hansı şəraitdə tək başlarına yola çıxa bilərlər? Bu məsələni dini cəhətdən necə qiymətləndirmək olar?
Cavab: Yaxşı olar ki, bu məsələni səyahət və yol təhlükəsizliyi baxımından təhlil edək:
A) SƏFƏR
Allah Təala bəzi səbəblərə görə səfərə çıxmağı əmr edir. Bunları aşağıda verilən başlıqlar altında təhlil etmək mümkündür:
1) Mədəniyyət məqsədli səfər və yaxud turistik səyahət
“Yer üzündə gəzib dolaşsalar, olmaz? Bu vaxt onlarda ağıllanmaqlarına kömək edən ürəklər və eşitməklərinə yarayan qulaqlar olur. Gözlər kor olmur, amma sinələrdəki ürəklər həqiqətən də, korlaşır” (Həcc, 22/46).
2) Elmi və tədqiqat məqsədi daşıyan səfər
“De ki, yer üzündə gəzib dolanın; görün ki, Allah yaratmağa necə başlayıb. Sonra O, başqa bir quruluş formalaşdıracaqdır. Allah hər şeyə bir ölçü qoyur” (Ənkəbut, 29/20).
3) Dinlərin tarixi ilə əlaqədar səfərə getmək
“Hər ümmətin içərisindən əlbəttə ki, elçilər çıxartdıq. (Onlara): “Allaha ibadət edin, zorbalardan uzaq durun”, – dedik. Allah onların bir hissəsini yola gəlmiş hesab etdi, bir hissəsi də azğın hesab olunmağa layiq oldu. Yer üzündə dolaşıb görün ki, yalana qurşananların aqibəti necə oldu!” (Nəhl, 16/36).
4) İbadət məqsədilə səfərə çıxmaq
Həcc ibadəti ilə əlaqədar olaraq Allah belə buyurur:
“Yoluna gücü çatan hər kəsin Beytullahı (Allahın evini) həcc etməyi Allahın insanlar üzərində haqqıdır” (Ali-İmran, 3/97)
Yoluna gücü çatan ifadəsi həm yol təhlükəsizliyini, həm səhhəti, həm də maddi imkanı əhatə edir. İbadət şəxsi olduğuna görə kimin gücü çatarsa, Həccə o gedər.
B) YOL TƏHLÜKƏSİZLİYİ
Aşağıdakı Quran ayələri bizə yola çıxan insanın ən çox ülfətə, yəni, qida və təhlükəsizliyə ehtiyac duyduğunu göstərir:
“Qureyşlilər ülfət gördükləri,
Ülfəti yay və qış səfərlərində gördükləri üçün,
Bu beytin (Kəbə-nin) Rəbbinə ibadət etsinlər.
Onları aclıqdan toxluğa, qorxudan əmin-amanlığa qovuşduran Rəbbinə” (Qureyş surəsi).
Ülfət sözü bir şeyi bir şeyə qatmaq, ((انضمام الشيء إلى الشيء Məqayisu-l-Lüğə.)) sayı minədək saymaq və ünsiyyət, yəni, nigaran olmamaq ((Lisanul-Ərəb lüğəti.)) mənaları daşıyır.
Səfər kimi tərcümə olunan söz rihlə sözüdür. Rihlə yoldakı yeriyiş ((يدلُّ على مُضيٍّ في سفَر)) və yükü yükləyib yola çıxmaq ((Əs-Sihah.)) mənaları verir. Axırıncı ayəyə əsasən ülfət lazımi qidaya və təhlükəsizliyə malik olmaq deməkdir.
Bu ayə də diqqəti yoldakı (səfər) təhlükəsizliyə cəlb edir:
“Onlara bolluq və bərəkət verdiyimiz ölkələr arasında ard-arda düzülmüş yaşayış yerləri təşkil etmiş və yola çıxmağı münasib hala gətirmişdik. ((Ayədəki قَدَّرْنَا sözünün məsdəri olan təqdir (التقدير) güc vermək mənasındadır. Rağib Əl-İsfahani Allahın varlıqlarla əlaqədar təqdirinin iki məna verdiyini deyir. Biri güc verməsi, digəri isə gəldiyi qərara əsasən varlıqları müəyyən bir ölçü və qəlibə görə formalaşdırmasıdır. Ayədəki قَدَّرْنَا فِيهَا السَّيْرَ ifadəsinə və yola çıxmağa münasib hala gətirmək mənası verməyimizin səbəbi də budur.))
“Buralarda gecə-gündüz əmin-amanlıq içərisində gedin, gəlin”, – demişdik” (Səbə, 34/18).
Ayələrdə qadınla kişini bir-birindən ayırmağa dair bir şey yoxdur. Səfərdə olarkən ərzaq və təhlükəsizlik hamının ehtiyacı olan şeylərdir. Yola çıxmamışdan əvvəl ərzaq tədarükü görülə bilər. Amma təhlükəsizliyin təmin edilməsi başqa səbəblərdən asılıdır.
Qadının təhlükəsizliyə olan ehtiyacı kişinin ehtiyacından çoxdur. Onların yanlarında məhrəmi olmadan yola çıxmağını qadağan edən hədislərə bütövlükdə baxıldığı zaman dərhal başa düşülür ki, burada əsas vurğu təhlükəsizlik məsələsinin üzərindədir. Çünki bəzi hədislər qadının bir gün-bir gecə, iki gün-iki gecə və ya üç gün-üç gecə çəkən bir səfərə, bəziləri də heç vaxtdan bəhs etmədən hər növ səfərə məhrəmsiz çıxmasını qadağan edir.
Digər tərəfdən peyğəmbərimiz (s. a. v.) müjdə verib ki, bir vaxt gələcək, qadınlar yanlarında məhrəm olmadan səfərə (səyahət, yol) çıxa biləcəklər. Həmin məsələ ilə əlaqədar hədislər belədir:
1) Qadının bir gün-bir gecəlik yola məhrəmsiz getməyini qadağan edən hədis:
Əbu Hureyrə (r. a.) nəql edir: Rəsulullah (s. a. v.) buyurdu:
“Allaha və axirət gününə inanan bir qadına bir gecə və bir gündüz davam edən bir məsafəyə yanında məhrəmi olmadan getməsi halal deyil”. ((Buxari, Təqsiru-s-Səlat, 4; Müslim, Həcc, 419, 422 (1339); Muvatta, İstizan, 37; Əbu Davud, Mənasik, 2; Tirmizi, Rəda, 15.))
2) Qadının iki gecə-gündüzlük səfərə məhrəmsiz olaraq çıxmağını qadağan edən hədis:
Əbu Səid Əl-Xudridən (r. a.): Mən həzrəti peyğəmbərdən şey eşitdim: “Yanında əri, yaxud da məhrəmi olmayan qadın iki günlük məsafəyə getməsin”. ((Buxari, Muhsar, 37; Müslim, Həcc, 415, 416 (827).))
3) Qadının üç gecə-gündüzlük səfərə məhrəmsiz olaraq çıxmağını qadağan edən hədis:
Abdulla ibn Ömərdən (r. a.): Peyğəmbər (s. a. v.): “Bir qadın yanında özünə kəbin düşməyən bir məhrəmi olmadan üç günlük səyahətə çıxa bilməz”, – deyə buyurmuşdur. ((Buxari, Təqsiru-s-Səlat, 4; Müslim, 413 (1338).))
4) Qadının hər növ (hər hansı bir) səfərə məhrəmsiz olaraq getməsini qadağan edən hədislər:
Abdulla ibn Abbasdan (r. a.): Peyğəmbər (s. a. v.): “Heç bir qadın yanında bir məhrəmi olmadıqca yola çıxmasın, qadının yanında məhrəmi olmadıqca yanına heç bir kişi girməsin”, – deyə buyurdu.
Peyğəmbərin bu xəbərdarlığının üstündən əshabələrdən biri belə dedi:
“Ya Rəsuləllah! Mən bu əsgərlərin arasında döyüşə çıxmaq istəyirəm. Halbuki, mənim xanımım Həccə getmək istəyir. Nə buyurursunuz?”.
Rəsulullah: “Sən də öz xanımınla birlikdə get”, – dedi. ((Buxari, Muhsar, 424 (1341).))
5) Qadının məhrəmsiz olaraq səyahət edəcəyinə dair verilən müjdə:
Ədiyy bin Hatim (r. a.) belə nəql edir: Mən peyğəmbərin yanında idim. Bu dəm bir adam gəlib ona kasıblıqdan şikayət etdi. Sonra başqa bir nəfər gəlib peyğəmbərə yol kəsilməsindən giley-güzar etdi. Peyğəmbər (s. a. v.) soruşdu:
“Ədiyy! Sən Hirə şəhərini görmüsənmi?”.
Mən: “Xeyr, görməmişəm, lakin ora haqqında məlumatım var. Bu barədə mənə danışıblar”, – deyə cavab verdim.
Peyğəmbərimiz (s. a. v.): “Əgər sənin ömrün vəfa etsə (yaşasan), hövdəc (qadınların minməyi üçün dəvənin belinə qoyulan kiçik kəcavə, təxti-rəvan) içində səfər edən qadının Hirədən yola çıxıb Allahdan başqa heç kəsdən qorxmadan ta Kəbəni təvaf edəcəyini görəcəksən”, – dedi.
Mən buna təəccübləndim və öz-özümə: “Əyalətlərdə fitnə-fəsad atəşini yandırmış o Tayy qəbiləsinin yolkəsənləri harada qalacaq ki, (qadın tək başına səfərə çıxacaq?)”, – dedim.
Ədiyy sözlərinə belə davam etdi: “Mən Hirədən kəcavə içərisində yola çıxıb Allahdan başqa heç kəsdən qorxmadan nəhayət ki, Kəbəni təvaf edən qadını gördüm”. ((Buxari, Mənaqib, 25.))
Hirə şəhəri indiki İraqın Nəcəf əyalətində bir qəza mərkəzi olub Kufə şəhərinin 5 km cənubunda və Kufə ilə Havernak arasında olan Kinidrə təpəsinin cənub-şərqində, Fərat çayı kənarında yerləşən geniş bir düzənlikdə qurulub. ((Hüseyin Ali Əd-Dəquqi, “Hire”, Diyanet İslam Ansiklopedisi, XVIII cild, s. 122.))
6) Qadınların səfərə çıxması məsələsində əshabələrin tutumu (o dövrdəki təcrübə):
Ömər ibn Xəttab (r. a.) getdiyi axırıncı Həcc vaxtı peyğəmbərin xanımlarına icazə vermiş və onlarla birlikdə Osman ibn Əffan və Əbdürrəhman ibn Əvfi göndərmişdir. ((Buxari, Muhsar, 37.))
Məlumdur ki, bu iki əshabə həmin qadınların məhrəmi deyil.
NƏTİCƏ
Yuxarıdakı ayə və hədislər açıq-aydın göstərir ki, təhlükəsizlik təmin edildiyi təqdirdə məhrəmsiz bir qadın istər işinə görə, məsələn, ezamiyyət üçün, istər gəzmək-görmək və ya ibadət məqsədi ilə olsun, tək başına və yaxud qadınlardan ibarət olan bir qrupla birlikdə yola çıxa bilər.
Müəllif: Abdulaziz Bayındır (İlahiyyat elmləri doktoru, professor)
İstanbul Universiteti, İlahiyyat fakültəsi, Türkiyə.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.