Sual: Mən Bakıdakı bazarların birində satıcı işləyirəm. Öz polkam var. Bəzən elə olur ki, yanımdakı satıcılardan bəziləri öz adamlarına gəlib qiyməti qızışdırmağı tapşırırlar. Onlar da o satıcılardan müəyyən qədər pul aldıqlarına görə gəlib belə edirlər. Nəticədə satıcı əlindəki malı layiq olmayan qiymətə satır. Yəni, 50 manatlıq bir malı 200 manata! Alıcı aldadılır. Sonra öz aralarında bunu deyib gülürlər. Bu da mənə pis təsir edir. Xahiş edirəm, deyin, İslam dini buna necə baxır?
Cavab: Qiyməti qızışdırmaq satılmayan, keyfiyyətsiz, xarab və yaxud da keyfiyyətli və təmiz bir malı çox yüksək bir qiymətə bazara çıxartmaq məqsədilə saxta (süni) yolla və əslində tələb olmadığı halda, tələb varmış kimi hərəkət etmək deməkdir. Bu, İslam dini tərəfindən qadağan edilib. ((Əbdülqəni əl-Meydani əd-Dəməşqi, əl-lubab fi şərh əl-kitab, “Beyu-l-fəsad” fəsli, Beyrut, Daru-l-hədis nəşriyyatı, 1979, s. 25-30.))
Bu yolla haqsızlıq edib gəlir götürmək (pul qazanmaq) və insanları aldatmaq İslama əsasən qadağandır. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bazar adamlarının düzgün və ədalətli olmağını tələb etmiş, onlara yalan və fırıldaqdan uzaq durmalı olduqlarını bildirmiş, bu məqsədlə də: “Qiyməti qızışdırmayın!”, – demişdir. ((İbn Macə, Ticarət, 2173-2174.))
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı əhvalatı misal göstərmək mümkündür:
“Bir dəfə Əməvi xəlifəsi II Ömər (Ömər ibn Əbdüləziz) Ubeyd ibn Müslim adlı bir nəfəri mir malı satmaq üçün bazara göndərir. O da həmin malı satdıqdan sonra xəlifənin yanına qayıdır. Ona belə deyir:
-Hörmətli xəlifə, əgər malı qiyməti qızışdırmadan satsaydım, ziyana düşəcəkdim.
Xəlifə ondan belə bir sual soruşur:
-Deməli, sən qiyməti qızışdırıb artırırdın ha! Əslində isə almaq istəmirdin. Eləmi?
Ubeyd ona belə cavab verir:
-Bəli, elədir ki, var.
Xəlifə: “Buna nəcəş (qiyməti qızışdırmaq) deyilir. Bu, halal deyil. Get, bir adam göndər. Həmin satış etibarsızdır. Gedib bunu camaata bildirsin”, – deyə, tapşırıq verir.”
Buradan da məlum olur ki, bur cür bir iş İslam dininə əsasən düzgün deyil. Odur ki, müsəlman bir insan belə hərəkətlər etməməli, edənlərə münasib bir dil və üslubla xəbərdarlıq etməlidir.
QEYD: Cavab hazırlandığı vaxt aşağıdakı mənbədən istifadə edilmişdir:
Bütün yönleriyle asr-ı saadette İslam (Türk dilində), İstanbul, Ənsar nəşriyyatı, 2-ci nəşr, 2007-ci il, 4-cü cild, s. 348.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.