Müsəlmanlar
Səhabələrin haqqında “radıyəllahu anh” deməyin hökmü

Səhabələrin haqqında “radıyəllahu anh” deməyin hökmü

Sual: Məlumdur ki, biz müsəlmanlar əshabələrin adını çəkdiyimiz vaxt “radıyəllahu anh” deyirik. Bəziləri də belə deməyin bidət olduğunu bildirirlər. Bu məsələnin əsli nədən ibarətdir?

Cavab: Allah Qurani-Kərimdə əshabələrin yaxşılıqları barədə belə deyir:

“(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” (Tövbə, 9/100)

Biz elə bu səbəbdən əshabələrin adını çəkdikdə: “Radıyəllahu anh = Allah ondan razı olsun”, – deyirik.

Əlavə olaraq, Muhəmməd peyğəmbərdən (s. a. v.) aşağıdakı kimi bir hədis rəvayət edilir:


اذْكُرُوا مَحَاسِنَ مَوْتَاكُمْ وَكُفُّوا عَنْ مَسَاوِئِهِمْ

“Ölülərinizin yaxşılıqlarını deyin. Pis əməllərindən danışılmağına isə mane olun.” ((Əbu Davud, Ədəb, 50; Tirmizi, Cənaiz, 34.))

Bu məlumatlara əsasən məlum olur ki, bu, bidət deyil.

Bu məlumatı da yada salmaq lazımdır:

Kişi əshabələr haqqında “radıyəllahu anh”, qadınlar haqqında “radıyəllahu anha”, həm özü, həm də atası müsəlman olan 2 əshabə haqqında “radıyəllahu anhuma”, ikidən artıq əshabə haqqında da “radıyəllahu anhum” deyilir.

Misallar:

Əbu Bəkr radıyəllahu anh.

Xədicə radıyəllahu anha.

Abdulla ibn Ömər (Ömərin oğlu Abdulla) radıyəllahu anhuma.

Əbu Bəkr, Ömər, Osman və Əli radıyəllahu anhum.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.