Müsəlmanlar
Quranda Cahiliyyədən qalma şerlər var?

Quranda Cahiliyyədən qalma şerlər var?

Sual: Deyilənə görə Quranda İslamdan əvvəlki Cahiliyyə dövrünün bəzi şerləri var. Hətta bəzi adamlar deyirlər ki, Quranın bəzi ayələri həmin şerlərdən götürülüb. Bu barədə dəqiq məlumat nədir?

Cavab: Qurani-Kərimlə əlaqədar bu cür iddialar yeni deyil. İrəli sürülən eyni fikir və iddialar hələ Quranın nazil edildiyi dövrdə Məkkədə yaşayan müşriklər tərəfindən də ortaya atılırdı. Bu, o dövrdən bəhs edən siyər və tarix kitablarında qeyd edimiş bir məlumatdır.

Quran şer deyil. Allah bununla əlaqədar olaraq belə deyir:

“Biz Muhəmmədə şer öyrətmədik, ona heç lazım da deyil. Bu ancaq zikr və açıq-aydın Qurandır ki,
Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.”
(Yasin, 36/69-70)

“O, şair sözü deyildir! Necə də az inanırsınız!” (Haqqə, 69/41)

Quran bütövlükdə şer olmadığı kimi, onda hər hansı bir şer də yoxdur. Ömər ibn Xəttabın müsəlman olmağı ilə əlaqədar rəvayət bu baxımdan böyük əhəmiyyət kəsb edir. Onun dilindən nəql olunan rəvayət aşağıdakı kimidir:

“Bir gecə içki içmək üçün evdən çıxdım. İçki içməyə bir yer tapmadığımı görüb Kəbəyə getdim ki, təvaf edim. Kəbəyə gəldikdə gördüm ki, peyğəmbər orada namaz qılır. Oxuduğu Qurana qulaq asmaq, ancaq özümü də ona göstərməmək üçün Kəbənin örtüyünün altına girdim. Yavaş-yavaş ona tərəf gəldim. Xeyli yaxınlaşdım. O mənim orada olduğumu başa düşmədi. Namazda Haqqə surəsini oxuyurdu. Qulaq asmağa başladım. Ürəyimdə fikirləşdim ki, bunun oxuduğu şeylər Qureyşlilərin dediyi kimi bir şairin sözüdür. Bu dəm o Haqqə surəsinin 41 və 42-ci ayələrini oxudu:

“O, şair sözü deyildir! Necə də az inanırsınız! Bir kahinin sözü də deyil! Nə qədər az düşünürsünüz!”

Mən bunu eşitdikdə fikirləşdim ki, əgər kahin və şair sözü deyilsə, onda Muhəmmədin öz uydurmalarıdır. Bu vaxt Muhəmməd eyni surəsinin 44-47-ci ayələrini oxudu:

“Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,

Biz onu möhkəmcə yaxalayar,

sonra da şah damarını kəsərdik.

İçərinizdən heç kəs buna mane ola bilməzdi.”

Mənim fikirləşdiyim hər bir şey öz cavabını tapırdı. Ürəyim yumşaldı. Gözlərim yaşardı. Quran mənim İslama daxil olmağıma səbəb oldu. İslam dini qəlbimə yerləşdi. Nəhayət peyğəmbər namazını qurtarıb evinə tərəf getdi. Mən da ardınca getdim. Evinin olduğu küçədə mənim orada olduğumu hiss etdi. Məni tanıdı. Ona əzab-əziyyət verəcəyimi güman etdi. “Nə olub ey Ömər?”, – deyə, soruşdu. Mən də dedim ki, Allaha, Onun elçisinə və gətirdiklərinə iman gətirməyə gəldim. Sinəmin ürək tərəfini oxşayıb dua etdi. Sonra: “Allah sənə hidayət verdi ey Ömər!”, – deyib evinə getdi.”

Yeri gəlmişkən, qeyd edək ki, bu sahənin mütəxəssislərindən biri olan Mehmet Azimli Ömər ibn Xəttabın müsəlman olmağı ilə əlaqədar bu rəvayətin camaat arasında məşhur olan digər rəvayətə nisbətən daha mötəbər olduğunu qeyd edir. Ətraflı məlumat üçün baxın: Mehmet Azimli, siyeri farklı okumak (Türk dilində), Ankara, 2010, s. 115. Bu rəvayətlə əlaqədar klassik mənbələr üçün baxın: Əhməd ibn Hənbəl, 1/17; İbn Hişam, əs-sirətu-n-nəbəviyyə, 3-cü cild, s. 166.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.