Müsəlmanlar

Genlərə müdaxilə: Cinsiyyətin dəyişdirilməsi

Sual: Yeni inkişaf etdirilən texnologiya vasitəsilə insanın bəzi genlərinə müdaxilə edib doğulacaq uşağın cinsiyyətinin dəyişdirilməsi üçün bir sıra işlər görülür. Belə bir fikir irəli sürülür ki, bunun sayəsində ailələr öz arzularına müvafiq şəkildə oğlan və ya qız uşağı sahibi olurlar. Bizim dinimiz baxımından belə bir iş görmək düzgündür?

Cavab: Görünür ki, bu, təbii tarazlıqları pozan bir işdir. İnsanların təbii tarazlıqları pozan işləri həmişə zərərlə nəticələnib. Quranda belə deyilir:

Həqiqətən də, biz hər şeyi bir ölçü ilə yaratdıq (Qəmər, 54/59).

Əgər ölçü və tarazlıq pozulmasa, hər şey gözəl qalar. Allah Quranda belə buyurur:

Hər yaratdığını gözəl yaradan və insanı yaratmağa palçıqdan başlayan Odur.

Sonra onun nəslini bir nütfədən – davamsız (zəif) bir sudan yaratmışdır.

Sonra onu düzəldib formaya salmış, ona öz ruhundan üfürmüşdür. Sizin üçün eşitməyi, gözləri, könülləri yaratmışdır. Siz yenə də çox az şükür edirsiniz (Səcdə, 32/7-9).

Təbii tarazlıqları dəyişdirə bilən varlıq sadəcə olaraq insandır; ondan başqa bir varlıq belə bir şey edə bilməz. Rum surəsində bu barədə belə deyilir:

İnsanların öz əllərilə qazandıqları şeylər ucbatından quruda və dənizdə fəsad əmələ gəldi. Bu ona görə belədir ki, onlar etdiklərinin bir qismini dadsınlar. Bəlkə, onlar qayıdalar (bundan vaz keçələr) (Rum, 30/41).

Məlum olduğu kimi, Allah insanların qarşısına iki yol qoyub. Bu yollardan biri ilahi qanunlara uyğun rəftar etmək, digəri bunlara zidd davranmaqdır. Təbiəti yaradan Allah olduğuna görə “təbiətin qanunu” dediyimiz hər şey bir ilahi qanundur.

Allah şeytana ilahi qanunlara qarşı təbliğat aparmaq səlahiyyəti verib. Şeytanın gördüyü işlərdən biri də insanları təbiəti korlamağa sövq etməkdir. Nisa surəsində belə deyilir:

Şeytan dedi ki, nə olursa olsun, mən onlara əmr verəcəyəm. Onlar da Allahın yaratdığını dəyişdirəcəklər (Nisa, 4/119).

Bütün bu səbəblərə görə uşağın cinsiyyətini dəyişdirmək və ailələrin istəyinə əsasən oğlan, yaxud qız uşağı sahibi olmaqlarını təmin etmək üçün genlərə müdaxilə etməyi təbii tarazlıqları pozması baxımından caiz hesab etmək olmaz.

Göylərin və yerin hakimiyyəti Allahındır. O istədiyini yaradır. İstədiyinə qız, istədiyinə oğlan uşaqları verir. Yaxud onları həm oğlan, həm də qızlar olmaqla cüt edir. İstədiyini də qısır qoyur. Şübhəsiz ki, O, bilir və O, güc-qüvvət sahibidir (Şura, 42/49-50).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.