Müsəlmanlar
İsa peyğəmbər ölüb, yoxsa yatırdılıb?

İsa peyğəmbər ölüb, yoxsa yatırdılıb?

Sual: Quranda İsa peyğəmbərlə əlaqədar olaraq “mütəvəffikə” və “təvəffeytəni” kimi vəfat etmək sözündən əmələ gəlmiş ifadələr işlədilir. Həmin ifadələr “vəfat etdirmək, canını almaq” mənasında işlədilsə də, bəzi ayələrdə (Ənam, 60) “Allahın insanları yatırtmağı”, “yuxuya getdirməsi” kimi istifadə olunur. Bəzi insanlar bu məlumata əsasən deyirlər ki, İsa peyğəmbər əslində ölməyib; Qiyamətdən qabaq oyandırılacaq və təzədən qaldırılacaq. Sonra da dünyaya gətiriləcək. Bu məsələni Qurana əsasən necə qiymətləndirmək olar?

Cavab: Allah Quranda bu məsələ ilə əlaqədar olaraq belə deyir:

“O gün Allah belə dedi: “Ey İsa, mən səni vəfat etdirəcək və Özümə tərəf qaldıracağam. Sonra səni o kafirlərdən təmizləyəcəyəm. Sənin ardınca gedənləri də Qiyamət gününə qədər o kafirlərdən üstün edəcəyəm. ((İsa peyğəmbərə tabe olub ardınca gedənlər onu Allahın oğlu hesab edərək müşrik olan xristianlar deyil, onu Allahın peyğəmbəri kimi qəbul edən müsəlmanlardır.)) Axırda hamınızın dönüşünüz Mənə olacaq. O vaxt Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.” (Ali-İmran, 3/55)

Ərəb dilində vəfat sözünün kökü vəfadır (وفى). Vəfa isə “bir şeyin hamısına çatmaq” mənası verir. Vəfat etdirmək (توفي) “işini tamamlamaq” deməkdir. Ölüm və yuxu vaxtı ruhun görə biləcəyi bir iş qalmır. Buna görə də Allah onu bədəndən çıxardıb alır. Başqa sözlə, insan 2 dəfə vəfat edir. Biri yuxuya getdikdə, digəri də öldüyü vaxt baş verir. Quranda belə deyilir:

“Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır.” (Zumər, 39/42)

Biz İsa peyğəmbərin vəfatının onun ölümü olduğunu aşağıdakı ayədən öyrənirik:

“Bir gün Allah belə deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki tanrı qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!

Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni vəfat etdirdikdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən.” (Maidə, 5/116-117)

Ayədəki “məni vəfat etdirdikdən sonra” ifadəsi İsa peyğəmbərin vəfatının yuxuya getməyi deyil, ölümü olduğunu göstərir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.