Sual: Şübhəsiz ki, faiz haramdır. Bununla belə, Qurana baxdıqda görürük ki, faizlə əlaqədar olaraq ittiham edilən və pislənənlər faiz yeyənlərdir. Faiz yedirtmək məcburiyyətində qalanlar sanki məzlum və pis vəziyyətdə imiş kimi qiymətləndirilir. Hətta Bəqərə surəsinin bu məsələ ilə bağlı axırıncı ayəsində: "Faiz alacaqlarınızı vermək vəziyyətində olanlara sədəqə kimi bağışlasanız, sizin üçün xeyirli olar", - deyilir. Faizlə əlaqədar hədislərə baxdıqda isə görürük ki, təkcə İbn Məsuddan rəvayət olunan bir hədisdə peyğəmbərimiz faizi yeyənə də, yedirdənə də lənət edib. Əbu Davuddan gələn rəvayətdə belə bir əlavə var: "Şahidlik edənə və əməliyyatı həyata keçirənə də lənət etdi." Belə olan halda, naəlac qalıb qat-qat faiz verməyə məcbur olan və əzilənləri faiz yeyən zalımlarla eyni nisbətdə haram yemiş kimi qiymətləndirmək ilahi ədalətə nə dərəcədə müvafiqdir?
Cavab: Faiz yemək böyük günahlardandır. Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:
“İnsanı fəlakətə aparan 7 şeydən uzaq durun.”
– Həmin şeylər nədir?
– “Allaha şərik qoşmaq, sehr-cadu, haqlı səbəb olmaya-olmaya Allahın toxunulmaz hesab etdiyi bir cana qıymaq, faiz yemək, yetimin malını yemək, düşmənə hamılıqla hücum vaxtı müharibədən qaçmaq və pis yolla əlaqəsi olmayan mömin qadınlara zina böhtanı atmaq.” ((Buxari, Vəsaya, 23; Müslim, İman, 145.))
Allah Təala bizə qadağan olunan şeylərin böyüklərindən uzaq durmağı əmr edib. Elə isə faiz yemək və yedirtmək də bu qadağalara daxildir.
“Göylərdə və yerdə nə varsa, Allahındır. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir.” (Nəcm, 53/31-32)
Faiz verən həmin böyük günaha ən yaxın olan şəxsdir. İnsan heç bir vaxt faiz almaq məcburiyyətinə düşə bilməz. Ancaq faiz verməyə məcbur qala bilər. Aşağıdakı ayə bu cür insanlar üçün bir növ müjdədir:
“Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə daxil edərik.” (Nisa, 4/31)
Deməli, məcburi olmadıqca belə hallara düşməmək lazımdır.
Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazını da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/1668.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.