Müsəlmanlar
Arvadına zülm verəcəyindən qorxan bir nəfər evlənməyə bilər?

Arvadına zülm verəcəyindən qorxan bir nəfər evlənməyə bilər?

Sual: Mən evlənmək istəyirəm. Ancaq xasiyyətim pisdir. Qorxuram ki, evləndikdən sonra yoldaşıma əzab-əziyyət verim. Bu səbəbdən evlənmək də istəmirəm. Qalmışam çar-naçar. Xahiş edirəm, bu məsələni dini cəhətdən qiymətləndirin.

Cavab: Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını oxumağınızı tövsiyə edirik:

Həyat yoldaşına zülm verməkdən ehtiyat etmək ((MƏNBƏ: Ali Rza Demircan, İslama əsasən seksual həyat, Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov (fəlsəfə doktoru: fəlsəfə və ilahiyyat elmləri).))

Subaylığı üzrlü hala gətirən 3-cü dərəcəli və ən aşağı səviyyədə olan bir səbəb də kişinin yoldaşına zülm verəcəyindən ehtiyat etməsi və ya ona qarşı evlilik əqdindən yaranan öhdəlikləri yerinə yetirə bilməməkdən qorxmağıdır. Təbii ki, bu, olduqca xüsusi bir səbəbdir. Hətta onu səbəb kimi qəbul edib subay qalmaq qərarına gəlmək mənəvi cəhətdən təhlükəlidir. Çünki gələcəyi ancaq Allah bilir; gələcək Onun sərəncamındadır.

Əlavə olaraq, bu cür həssas düşünəcək qədər ehtiram, təzim və qorxu (Allah xofu) olan bir insan öz üstünə düşən öhdəlikləri zülm etmədən də yerinə yetirə bilər. Bu səbəblə əlaqədar olaraq tündxasiyyətli bəzi müstəsna şəxslərə olsa da, bəraət qazandıran bir hədisi aşağıda qeyd etmək istərdik:

İbn Abbas (r. a.) nəql edir ki, Əsəm qəbiləsindən bir qadın Allahın elçisinin yanına gəldi və ondan belə bir şey xahiş etdi:

-Ya rəsuləllah! Mən dulam. Mənə kişinin (ərin) arvadının boynundakı haqları başa sal. Onlar nədən ibarətdir? Əgər görəsm ki, qadının öhdəliklərini yerinə yetirə bilərəm, o vaxt ərə gedərəm. Əgər bunun mümkün olmadığını düşünsəm, dul kimi yaşamağa davam edərəm.

Allahın elçisi (əs) o qadına belə dedi:

Ərin arvadının üstündəki əsas haqqı odur ki, onun ürəyi istədiyi vaxt qadın onunla cinsi əlaqədən qaçmasın. Ərin arvadının üzərindəki o biri haqları isə bunlardır:

a) Qadın müstəhəb orucları ancaq ərinin icazəsi ilə tutmalıdır. Əri ilə razılığa gəlmədən oruc tutan qadın (arvadlıq vəzifəsini yerinə yetirməkdən boyun qaçırmış və ərinin haqqını tapdamış olacağına görə) sadəcə olaraq ac-susuz qalmış olur. Çünki orucu qəbul olunmaz.

b) Qadın ərindən icazəsiz (dini və adət-ənənə ilə əlaqədar səbəblər olmadan, şübhəyə səbəb olacaq şəkildə) evindən çıxmamalıdır. Çıxıb ictimai münasibətlər yaratmamalıdır. Əgər çıxsa, səma, rəhmət (mərhəmət) və əzab mələkləri ona evinə qayıdana qədər ilahi mərhəmətdən kənarlaşdırılmağı üçün qarğış edərlər.

Muhəmməd peyğəmbərin (əs) bu cavabını eşidən qadın belə dedi:

Mənim başqa əlacım yoxdur. Əsla ərə getməyəcəyəm. ((Məcməu-z-zəvaid, 2/306-307; əl-mətalibu-l-aliyətu, hədis nömrəsi, 1607.))

İndi isə yaxşı olar ki, bu hədis vasitəsilə səhv şərhlər verilməyinin qarşısını alan bəzi məlumatlar verək:

Ər-arvad evlilik əqdindən irəli gələn öhdəlikləri yerinə yetirməlidirlər. Buna görə də ərdə olan bir qadın aybaşı (heyz) və zahılıq kimi dini, xəstəlik kimi tibbi-fizioloji səbəblər olmadığı halda, cinsi əlaqədə olmaq öhdəliyindən boyun qaçıra bilməz. Belə etməməlidir. Çünki bunu üzrsüz səbəbdən təxirə salmaq belə, arada ərinin haqqı tapdandığı üçün qadını günahkar hala salır.

Eynilə bunun kimi, ərdə olan bir qadın ərində başqa bir kişi ilə münasibətdə olduğuna dair şübhə yaradacaq şəkildə məlumat vermədən – özbaşına gəzib dolaşa bilməz, ictimai münasibətlər yarada bilməz.

QEYD: İslam dinində evlənməmək yaxşı qarşılanmır. Odur ki, hər bir müsəlman ailə qurmalıdır. Bizim sizə tövsiyəmiz də bu səpkidədir. Bununla belə, biz sadəcə olaraq əsas prinsiplər və ümumi qaydalardan danışırıq. Daha doğrusu, saytımıza daxil olan suallara cavab veririk. Evlənmək məsələsində seçim və qərar sizin özünüzdə asılıdır. Ömür boyu subay qalmaq olmaz. Yaxşı olar ki, ailə qurub oğul-uşaq sahibi olasınız.

Evlilik və ailə həyatı ilə əlaqədar olaraq aşağıdakı yazılara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/evlilik-aile-heyati

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.