Sual: Biz kiçik bir qəsəbədə yaşayırıq. Qonşuluğumuzda əri bir neçə il bundan qabaq ölmüş bir qadın var. İndi istəyir ki, halallıqla ərə getsin. Ancaq Rusiyada yaşayan qardaşı bu xəbəri eşidən kimi gəlib onu hədələdi. Dedi ki, sən ərə gedə bilməzsən. Onun qardaşının bu hərəkəti nə dərəcədə düzdür? İslam dinində bu barədə nə deyilir?
Cavab: Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını oxumağınızı tövsiyə edirik:
Dul qadının ərə getməyinə mane olmaq olmaz ((MƏNBƏ: Ali Rza Demircan, İslama əsasən seksual həyat, Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov (fəlsəfə doktoru: fəlsəfə və ilahiyyat elmləri).))
Bu qadağa Allah tərəfindən qoyulub və Quranın Bəqərə surəsinin 232-ci ayəsində öz əksini tapıb.
Aşağıdakı hədis bu ayənin nazil edilməsinin səbəbini və hökmünü izah edir:
Məqil ibn Yəsar həzrəti Muhəmməd peyğəmbərin (əs) dövründə öz bacısını mömin bir adama ərə verdi. Bacısı həmin adamla bir müddət yaşadı. Sonra o kişi onu boşadı. İddə müddəti daxilində də onun yanına qayıtmadı. Beləliklə, onlar təzədən evlənəcək qaydada boşandılar.
Boşanma iddəsinin müddəti başa çatdı. Elə oldu ki, həm qadın, həm də kişi təzədən evlənmək istədilər. Qadını istəyən başqa kişilər də var idi. Qardaşı Məqil isə and içərək həmin adama etiraz etdi:
– Ey ağılsız! Mən sənə yaxşılıq etdim. Bacımı sənə ərə verdim. Sən də durub onu boşadın. Vallah, bundan sonra o istəsə də, heç vaxt sənin yanına qayıdıb arvadın ola bilməz!
(Məqilin bu rədd cavabından sonra) Uca Allah arvadını boşamış kişinin arvadına, qadının da ərinə ehtiyacı olduğunu bildiyi üçün aşağıdakı ümumi qaydanı (ayə) nazil etdi:
“Qadınları (təzədən onlarla evlənə biləcək qaydada) boşadığınız vaxt iddə müddətlərini başa vurduqda və ər-arvad öz aralarında xoşluqla razılığa gəldikdə qadınların ərləri ilə (və ya başqa bir nəfərlə) evlənməyinə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.” (Bəqərə, 2/232)
Məqil peyğəmbərdən bu ayəni eşitdikdə belə dedi:
-Rəbbimin əmrini eşidir və itaət edirəm.
Sonra o, bacısının ərinə xəbər yolladı. O adam gəldiyi vaxt dedi ki, sənə (təzədən) yaxşılıq edir və bacımla evləndirirəm. ((İbn Kəsir, Bəqərə, 232 (1/282); Tirmizi, təfsiru-l-Quran, hədis nömrəsi 2985.))
Yuxarıda da qeyd edildiyi kimi, Qurandakı qadağaya əsasən dul qadının ərə getməyinə mane olmaq olmaz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.