Müsəlmanlar
Həzrəti İsa beşikdə danışıb?

Həzrəti İsa beşikdə danışıb?

Sual: Məryəm surəsinin 29-cu ayəsində deyilir ki, Məryəm ana ondan soruşulan suallara cavab olaraq beşikdəki oğlu həzrəti İsanı göstərib. Deyib ki, suallarınızı ondan soruşun. Bəzi adamlar bu ayə ilə istehza edirlər. Deyirlər ki, beşikdəki körpə danışa bilməz. Xahiş edirəm, bu məsələni Qurana əsasən izah edin.

Cavab: “Bunun üstündən (Məryəm uşaqla danışsın deyə) ona işarə etdi. Onlar dedilər: “Axı biz beşikdə olan bir körpə ilə necə danışa bilərik?” (Məryəm, 19/29) ayəsindəki “beşikdə olan körpə” (فِي الْمَهْدِ صَبِيًّا) ifadəsi məcaz/kinayə deyil. Əlavə olaraq, o vaxt İsa (əleyhissəlam) böyük bir insan deyildi; körpə uşaq idi. Bunu Quranın başqa ayələrindən asanlıqla başa düşmək olur:

“O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allaha) yaxın olanlardan olacaqdır. O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”. (Al-İmran, 3/45-46)

“Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla (Cəbrayıl) qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın.” (Maidə, 5/110)

Göründüyü kimi, bu ayələrdə “həm beşikdə, həm də yetkin vaxtında” ifadəsi işlədilib. Bu da o deməkdir ki, İsa peyğəmbərin öz həmsöhbətləri ilə həm beşikdəki körpə vaxtı, həm də yetkin çağında danışmağı xüsusi vurğulanır.

1-ci ayədəki (Ali-İmran, 3/45-46) ifadə mələklərə, 2-ci ayədəki (Maidə, 5/110) ifadə isə birbaşa Allaha məxsusdur və bu məsələdə hansısa bir “xor görmək” halı yoxdur. Bu da göstərir ki, “Axı biz beşikdə olan bir körpə ilə necə danışa bilərik (قَالُوا كَيْفَ نُكَلِّمُ مَنْ كَانَ فِي الْمَهْدِ صَبِيًّا)?” (Məryəm, 19/29) ayəsindəki ifadə məcazi deyil, həqiqidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.