Sual: Allah ata-anasının səhvləri ucbatından uşaqlara cəza verir? Əgər valideynlərin pis hərəkətlərinə mane olmaq mümkün deyilsə, uşaqlar nə etməlidirlər?
Cavab: İslam dininə əsasən günah və cinayətlər şəxsidir. Yəni, Allahın qadağan etdiyi bir əməli törədən şəxs günah qazanır və həmin günahı başqa bir insana aid edə bilməz. Deməli, heç kəs başqasının səhv və günahına görə cavabdeh deyil.
Allah belə deyir:
“Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi? Məgər vəfalı olan İbrahimin (səhifələrində olanlar barədə ona bildirilmədi?) Heç bir günahkar başqasının günah yükünü daşımaz. İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir! Son dönüş sənin Rəbbinədir. Güldürən də, ağladan da Odur! Öldürən də, dirildən də Odur!” (Nəcm, 53/36-44)
“Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirik.” (İsra, 17/15)
Yuxarıdakı Quran ayələrindən belə məlum olur ki, uşaqlar ata-analarının səhvlərinə görə cavabdeh deyillər. Ancaq onlara imkan daxilində və münasib bir dillə bu vəziyyəti izah etmək lazımdır.
Əgər uşaqların bu işə gücü çatmırsa, problem yoxdur. Çünki Allah heç kəsə gücünün çatdığından artıq yük (öhdəlik) yükləmir. (Baxın: Bəqərə, 2/286)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.