Sual: Məni bir məsələ maraqlandırır: Əgər ilahi kitab eynidirsə, nəyə görə yəhudilərə başqa cür heyvan kəsmək forması münasib bilinir? Bu, adət-ənənə ilə əlaqədardır, yoxsa həqiqətən də onların ilahi kitabında belə bir hökm var?
Cavab: Bu, hər şeydən əvvəl bizim kitabımızda – Quranda ifadə olunan bir məsələdir. Ənam surəsinin 146-cı ayəsində belə deyilir:
“Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.”
Diqqət yetirin, ayədə deyilir ki, bu cəza onlara azğınlıq edib həddi aşdıqlarına görə verilib. Onların azğınlıqlarına gəlincə, bu, Quranın Nisa surəsində nahaq yerə adam öldürmək, faiz yemək və insanların mal-dövlətini haqsız yerə almaqları kimi izah olunur. Bu, onların öz kitablarında – Tövratda da var. Quran da bunu təsdiq edir.
Burada vacib bir məsələ var: Məlum olduğu kimi, İsa peyğəmbər (ə. s.) də İsrail oğullarına göndərilən bir peyğəmbər olub. Quranın Ali-İmran surəsindən öyrənirik ki, İsa peyğəmbər onlara gəldiyi vaxt belə deyir:
“Mən sizə haram edilmiş olan bəzi şeyləri də halal etməyə gəldim.”
Onlara haram edilən həmin şeylər əsl və təbiəti baxımından murdar olan şeylər deyil; əksinə, təmiz olduğu halda, cəzalandırmaq üçün haram edilən şeylərdir (piy və sairə).
Yəhudilər İsa əleyhissəlamı peyğəmbər kimi qəbul etmədiklərinə görə yuxarıda qeyd etdiyimiz hökmün ləğv edildiyini də qəbul etmirlər. Onlar Quranı da qəbul etmirlər. Buna görə də axırıncı peyğəmbər olan Muhəmməd (s. a. v.) (Əraf surəsinin 157-ci ayəsinə əsasən) onlara: “yaxşı işlər görməyi buyurur, pis əməlləri isə qadağan edir, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edir. Onların ağır yüklərini yüngülləşdirir və onları buxovlardan xilas edir.”
Bu ağır yüklərdən biri onlara cəza olaraq haram edilən təmiz qidalardır. Əvvəlcə İsa peyğəmbər o qadağaların bir hissəsini aradan qaldırdı, sonra da Muhəmməd peyğəmbər gəldi və həmin təmiz şeylərin hamısını halal etdi. Müsəlmanlara haram edilən 4 şey isə istisna olaraq qaldı: öz başına (kəsilmədən) ölən (murdar olan) heyvan, axan qan, donuz əti və Allahdan başqasının adı çəkilməklə kəsilən heyvan.
Əgər yəhudilər Quranı qəbul etsələr, yuxarıda haqqında danışdığımız çətinliklərdən xilas olarlar. Beləliklə də onlara həm dünya, həm də axirət nemətlərinin yolu açılar. Halbuki, bu gün onların əlində olan Tövratda həmin cəzalar olduğu kimi qeyd edilib.
Suala cavab verdi: Yahya Şenol ((İslam hüququ mütəxəssisi, İstanbul universitetinin doktorantı.))
18.11.2011
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.