Müsəlmanlar
Bəzi “xeyriyyə” təşkilatlarının qurban kampaniyaları

Bəzi “xeyriyyə” təşkilatlarının qurban kampaniyaları

Sual: Mən xaricdə - Avropa ölkələrindən birində yaşayıram. Burada bəzi müsəlman icmaları və xeyriyyə təşkilatları qurban kəsmək üçün təşkilatçılıq işləri ilə məşğul olurlar. Camaatdan qurban pulu kimi adam başına 100 avro yığırlar. Bu məsələni araşdırıb öyrəndim ki, onlar Afrikaya gedib 25-30 avroya qurbanlıq heyvan alırlar. Onlar bizə bu barədə heç nə demədilər. Əsl məsələ üzə çıxanda da dedilər ki, hə, biz qurbanlıq heyvanı çox ucuz alırıq, qalan pulu da kasıblara paylayırıq. Mən burada bir yalan-palan olduğunu düşünürəm. Sizcə bu halda bizim qurbanımız qəbul olunur?

Cavab: Bu məsələdə sizin bir qəbahətiniz yoxdur. Qurbanınız vaxtında kəsildiyinə görə qurban ibadətini yerinə yetirmiş hesab olunursunuz. Narahat olmağa dəyməz.

Ancaq haqqında danışdığınız təşkilatlar qurban xərclərini çıxdıqdan sonra qalan pul haqqında sizə məlumat verməlidirlər. Əgər artıq qalan pulu başqa xeyriyyə işlərinə sərf etmək istəyirlərsə, sizdən bu barədə icazə almalıdırlar. Əks halda, (özbaşına hərəkət etmək) düzgün deyil. Odur ki, artıq pulu sizə qaytarmalıdırlar. Siz özünüz o pulu tələb edə bilərsiniz. Buna tam ixtiyarınız çatır.

Əgər hansısa “xeyriyyə” təşkilatı bu qaydalara əməl etmirsə, deməli, onlara etibar etmək olmaz. Çünki onların bu əməlləri İslam dini baxımından düzgün deyil; yolverilməzdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.