Müsəlmanlar
Davud peyğəmbər hansı səhvinə görə Allaha tövbə etdi?

Davud peyğəmbər hansı səhvinə görə Allaha tövbə etdi?

Sual: Mən Quranın Sad surəsinin 24-25-ci ayələrini oxudum. Amma Davud peyğəmbərin Allahdan nə üçün əfv dilədiyini başa düşə bilmədim. Görəsən, o hansı səhvə yol vermişdi ki, tövbə etdi?

Cavab: Siz bu məsələni daha yaxşı başa düşmək üçün həmin ayələri əvvəlki ayələrlə birgə oxumalısınız. Allah bu barədə belə deyir:

“Əli-qolu güclü bəndəmiz Davudun düzgün xəbərlərini oxu (onu yadına sal)! O, həmişə səhvdən dönən bir kəs idi.

Biz dağlara tapşırıq verdik. Axşamüstü və günəşin doğduğu vaxt onunla birlikdə təsbeh edirdilər.

Quşlar da cəm halda ona qoşulur və həmişə ona üz tuturdular.

Onun hakimiyyətini möhkəmləndirdik. Ona düzgün qərar qəbul etmək və doğrunu əyridən (düzgün olanı səhv olandan) ayırmaq qabiliyyəti verdik.

O dava edənlərin xəbəri gəlib, sənə çatdımı? Hansı ki, divardan aşıb, içəri otağa (məbəd, ibadətgah) girmişdilər.

Onlar Davudun qabağına çıxdıqları vaxt Davud təşvişə düşmüşdü. Onlar dedilər: “Qorxma, biz dava edən (bir-birinə iddia irəli sürən) iki tərəfik. Sən aramızda düzgün qərar qəbul et (ədalətlə hökm ver). Həddi aşma (tərəf saxlama, haqqı nahaqqa vermə). Bizə düzgün yolu göstər”.

“Bu mənim qardaşımdır. Onun 99 qoyunu var. Mənim də 1 qoyunum var. O dedi ki, ver, onu mən saxlayım. Və söhbətdə mənə üstün gəldi”.

Davud dedi: “Onun sənin qoyununu öz qoyunlarına qatmaq istəməyi düz deyil. Onsuz da (məlumdur ki) malları qarışanların çoxu bir-birlərinin haqqını tapdayırlar. İman gətirən və yaxşı iş görənlərdən başqa. Belələri də çox azdır”.

Davud Bizim onu sınağa çəkdiyimizi başa düşdü. Dərhal Rəbbindən (Allahdan) əfv (bağışlanma) dilədi. Diz çöküb, səcdəyə döşəndi və səmimiyyətlə Ona üz tutdu (tövbə etdi).

Biz də onun bu hərəkətini bağışladıq. Onun bizim dərgahımızda əldə etdiyi bir yaxınlıq və xoşbəxt son var”. (Sad, 38/17-25)

Deməli, “Davud Bizim onu sınağa çəkdiyimizi başa düşdü” cümləsi çox vacibdir. Davud divarlarla əhatə olunmuş və əsgərlər tərəfindən ciddi surətdə mühafizə edilən bir yerdə olduğu halda, divarları aşıb, içəri otağa qədər girən və heç də mütəxəssis olmağa ehtiyac qalmayan bir sual soruşub, onu məşğul edən bu varlıqların insan deyil, məhz mələk olduqlarını başa düşdü. O çox yaxşı başa düşdü ki, Allahdan başqa heç bir şeyə etibar edib, arxalanmamaq lazımdır. Bu ayələr belə bir təəssürat yaradır ki, Davud əleyhissəlam o böyük səltənətin füsunkarlığına qapılıb. Belə çıxır ki, tövbə etməyinin səbəbi də budur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.