Müsəlmanlar
Qəzzafiyə qarşı hərəkətləri İslama əsasən necə qiymətləndirmək olar?

Qəzzafiyə qarşı hərəkətləri İslama əsasən necə qiymətləndirmək olar?

Sual: Məlumdur ki, Müəmmər Qəzzafi tapıldı və öldürüldü. Görəsən, bu, Qurana əsasən düzgün bir hərəkətdir? Qəzzafi tutulub əsir alındığına görə bir fidyənin müqabilində və ya təmənnasız azad olunmalıydı, yoxsa məhkəməyə çıxardılıb mühakimə edilməliydi?

Cavab: Sizin sualınızı iki baxımdan qiymətləndirmək olar:

1. Televiziyalardakı videomateriallara əsasən deyə bilərik ki, Qəzzafiyə qarşı edilən hərəkətlər işgəncədir. İslam dinində ölümə layiq olsa belə, kimi isə əzab-əziyyət və işgəncə ilə öldürmək qəti surətdə qadağandır.

“Həzrəti Muhəmməd (s. a. v.) haqlı cəzalandırma vaxtı belə, kiminsə üzünə vurmağı pisləmişdir. ((Müslim, Birr, 113.))

O, istər müsəlman, istərsə qeyri-müsəlman olsun, azad və ya kölə olsun, yaxud da təqsirkar olub olmamasından asılı olmayaraq insanlara və müharibə şəraitində ən qəddar düşmənlərə belə, işgəncə verməyi qadağan etmişdir. Həzrəti peyğəmbər (s. a. v.) bununla əlaqədar olaraq belə demişdir:

“Dünyada insanlara işgəncə tətbiq edənlərə Allah da o biri dünyada cəza verir.” (Müslim, Birr, 117-119; Əbu Davud, İmarə, 32)

Qurana əsasən ((Muhəmməd, 47/4.)) müharibə əsirlərini öldürmək olmaz; onları bir şeyin müqabilində və ya təmənnasız azad etmək lazımdır. Əlavə olaraq, Quranda azad edilənə qədər əsirlərlə yaxşı rəftar etmək və onları yedirdib içirtmək də saleh bəndələrin nümunəvi hərəkəti kimi təqdir olunub.

Həzrəti peyğəmbər (s. a. v.) də əsirlərə qarşı yaxşı davranmağı tələb etmişdir. O, təkidlə bildirib ki, əsirlərə işgəncə etmək olmaz. Hansısa mühüm bir məlumatı almaq üçün olsa belə, əsirlərə əzab-əziyyət verməyi qadağan edib. Buyurub ki, əsirləri payladıqda ana və uşaqları bir-birlərindən ayırmayın.

Bir sözlə, peyğəmbər (s. a. v.) bütün canlılara qarşı çox mərhəmətli olub. Bir dəfə ən zalım düşmənlərdən biri əsir düşüb müsəlmanların əlinə keçmişdi. Bəzi adamlar ona əzab vermək istədilər. Muhəmməd əleyhissəlam bunu qətiyyətlə qadağan edib dedi:

“Mən ona işgəncə vermərəm. Əgər belə etsəm, peyğəmbər olsam belə, Allah məni də eyni qaydada cəzalandırar.”

“Öldürmək məsələsində ən çəkingən insanlar möminlərdir.”

Göründüyü kimi, bütün bunlar müsəlmanlar üçün əsas bir humanizm prinsipidir.” ((Mənbə: İslam ensiklopediyası, 23-cü cild, s. 430, Şamil Dağcı, “İşkence” məqaləsi.))

2. Muhəmməd surəsinin 4-cü ayəsində belə deyilir:

“(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin).”

Bu ayəyə əsasən müharibə meydanında və müharibə davam etdiyi vaxt ələ keçirilən kafirlər öldürülməlidir. Müharibə qurtardıqdan sonra alınan əsirlər isə ya fidyə müqabilində, ya da tamamilə təmənnasız olaraq azad edilməlidirlər.

Yuxarıda qeyd edilən ayələrin hökmlərinin Qəzzafiyə tətbiq edilməli olduğunu demək olmaz. Çünki o, nə qədər səhv hərəkətlər etsə də, bir müsəlman idi. Əlavə olaraq o, müharibə meydanına ələ keçirilmədi. Başqa sözlə desək, öldürməkəsir almaq hökmləri ona şamil oluna bilməzdi.

Qəzzafini tapıb tutan müxalifətçilər onu mühakimə edə bilərdilər. Mühakimənin nəticəsindən asılı olaraq əgər adam öldürübsə, öldürdüyü insan və ya insanların ailələrinin tələbinə əsasən ona qisas və ya diyət ödəmə cəzası tətbiq oluna bilərdi. Əgər təqsirsiz olduğuna qərar verilsəydi, azad olunardı. İslam dininə əsasən Qəzzafi məsələsində bu cür hərəkət edilməli idi.

http://www.muselmanlar.com/fitvalar/3269.html

Cavabı hazırladı: Yahya Şenol ((İslam hüququ mütəxəssisi, İstanbul universitetinin doktorantı.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.