Müsəlmanlar
Bir adamın öz qardaşını qətlə yetirməsi nə cür izah oluna bilər?

Bir adamın öz qardaşını qətlə yetirməsi nə cür izah oluna bilər?

Sual: Məlumdur ki, Osmanlı dövləti müsəlmanların idi. Onu idarə edənlər müsəlman idilər. Tarixdən bilirik ki, bəzi Osmanlı padşahları öz qardaşlarını öldürtdürüblər. Məsələn, Fateh Sultan Mehmed kimi. Əgər o, öz qardaşını öldürməsəydi, Allah bilir, nə qədər böyük bir qarışıqlıq baş verəcəkdi! Dövlət bir neçə yerə bölünüb süquta uğrayacaqdı. Nəticədə minlərlə insan nahaq yerə öləcəkdi. Sualım budur: Allah kimi isə öldürməyə nə dərəcədə icazə verir? Xahiş edirəm, sualıma yuxarıdakı tarixi məlumatlar çərçivəsində cavab verin.

Cavab: Allah Təala insanı üstün bir varlıq kimi yaratmış və onun nahaq yerə öldürülməyini qəti surətdə qadağan etmişdir:

“Allahın toxunulmaz qıldığı kəsi öldürməyin, hüquqa uyğundursa, başqa.” (İsra, 17/33; Ənam, 6/151)

“Onlar haqlı səbəb xaricində Allahın toxunulmaz qıldığı cana qıymazlar.” (Furqan, 25/68)

Toxunulmaz olan məhz insandır və bu məsələdə mömin-kafir ayrı-seçkiliyi yoxdur. Hər bir insan bu toxunulmazlığa anadangəlmə malik olur.

Yuxarıdakı ayələrdəki haqlı səbəblər Allahın müəyyən etdiyi səbəblərdir. Bunlar isə aşağıdakı kimidir:

1. Qisas: Allah: “Ey iman gətirənlər! Adam öldürmə hadisələrində qisas sizə vacib edildi” (Bəqərə, 2/178), – buyuraraq haqsız yerə adam öldürənlərin öldürülməli olduqlarını bildirmişdir.

2. Müharibə: Allah Quranın bir çox ayəsində müsəlmanlarla müharibə edənlərə qarşı vuruşmağı vacib edib. ((Baxın: Bəqərə, 2/190, 244; Tövbə, 9/36.)) Bu da göstərir ki, döyüş meydanında düşmənləri öldürmək haqlı bir səbəbə əsaslanır. Quranda belə deyilir:

“Müharibədə kafirlərlə üzləşdiyiniz vaxt boyunlarını vurun.” (Muhəmməd, 47/4)

3. Terror və quldurluq cinayəti: Quranda bununla əlaqədar olaraq belə deyilir:

Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.

Siz ələ keçirməmişdən qabaq tövbə etsələr, başqa. Bilin ki, Allah bağışlayan və rəhmlidir.” (Maidə, 5/33-34)

Ayələrdən çox yaxşı məlum olur ki, Allahın toxunulmaz qıldığı cana ancaq və ancaq bu 3 haqlı səbəbə əsasən toxunmaq olar; əksinə, şübhə və ehtimallara “əsaslanaraq” heç kəsi öldürmək olmaz.

Bu məsələdə bizim öhdəmizə düşən işlər belədir: Biz belə hallarda kimin düzgün, kimin səhv hərəkət etdiyini deməməli və insanları buna əsasən mühakimə etməməliyik. Biz Quran və Sünnədə mövcud olan həqiqətləri gizləmədən, olduğu kimi deməliyik. Ata-anamız və əcdadımız olsa belə, insanları əməllərinə görə mühakimə edib haqq-hesaba çəkən ancaq və ancaq Allah Təaladır.

Bu kimi məsələlərə dair fitva verən, kitab yazan alimlər ölüblər. Bu fitvaları tətbiq edən xəlifə və padşahlar da ölüblər. Biz onları mömin hesab etdiyimiz üçün bağışlanmaqları üçün arxalarından xeyir-dua etməliyik. Allah belə buyurur:

“Onlardan sonra gələnlər: “Ey Rəbbimiz! Bizi və bizdən qabaq iman gətirən qardaşlarımızı bağışla. Ürəyimizdə möminlərə qarşı kin-küdurət qoyma. Rəbbimiz, şübhəsiz ki, sən şəfqətlisən, mərhəmətlisən”, – deyərlər.” (Həşr, 59/10)

Sualınızla əlaqədar olaraq aşağıdakı cavabı da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3971.html

Cavabı hazırladı: Yahya Şenol ((İslam hüququ mütəxəssisi, İstanbul universitetinin doktorantı.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.