Müsəlmanlar

İslamda intihara münasibət

Sual: İslam dinində insanın özünü öldürməsi və xəsarət yetirməsi kimi şeylərə necə baxılır?

Cavab: İntihar insanın özünü öldürməsi deməkdir. Allah: “Öz-özünüzü öldürməyin”, – buyurub (Nisa, 4/29).

Çətinliklərdən bezən, ümidini itirən və problemlərdən bir çıxış yolu görə bilməyən insanların intihara meylli olması mümkündür. Bir müsəlmanın belə bir hala düşməsi mümkün deyil. Allah belə buyurub:

“Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir” (Yusuf, 12/87).

Qurani-Kərimin başqa bir yerində İbrahim peyğəmbərin (s. a. v.) dilindən belə deyilir:

“Rəbbimin rəhmətindən ümidini yoldan çıxanlardan başqa kim kəsər?” (Hicr, 15/56).

Digər bir ayədə də belə buyurulur:

“İnsan yaxşılıq istəməkdən heç bezib usanmaz. Amma ona bir çətinlik üz verdiyi vaxt bezib ümidsizləşir” (Fussilət, 41/49).

Əbu Hüreyrə (r. a.) Mühəmməd peyğəmbərin (s. a. v.) belə dediyini rəvayət edib:

“Kim özünü bir dağdan atıb intihar etsə, o, özünü Cəhənnəm odunda həmişə atəşə ata-ata qalar. Sonsuza qədər belə davam edər. Kim zəhər içib intihar etsə, Cəhənnəm odu içərisində zəhəri əlində içə-içə qalar. Əbədi olaraq belə davam edər. Kim də bir dəmir parçası ilə intihar etsə, Cəhənnəm odunda həmin dəmirlə özünə vura-vura qalar. Sonsuza qədər belə davam edər”. ((Buxari, Ədəb, 22, 73, Tibb, 56; Müslim, İman, 175, 177; Tirmizi, İman, 16, Tibb, 7.))

Əbu Hüreyrə (r. a.) başqa bir rəvayətlə Mühəmməd peyğəmbərin (s. a. v.) belə dediyini nəql edib:

“Özünü boğub intihar edən Cəhənnəmdə də boğar. Özünə bir şey batırmaqla intihar edən həmin şeyi Cəhənnəm atəşində də özünə batırar. Özünü hündür bir yerdən atıb intihar edən Cəhənnəmdə də özünü atar”. ((Buxari.))

Səhl ibn Səəd (r. a.) aşağıdakı hədisi nəql edib:

“Peyğəmbər (s. a. v.) müşriklərlə qarşılaşdı və onlarla döyüşdü. Elə oldu ki, peyğəmbər (s. a. v.) geri çəkildi. Düşmən tərəf də geri çəkildi. Peyğəmbərin (s. a. v.) əshabələrindən bir nəfər tək başına düşmənin arxasınca düşüb qılıncı ilə onları vururdu. Bəzi adamlar dedilər ki, bu gün bizim heç birimiz onun döyüşdüyü kimi döyüşə bilmədi.

Bu sözləri eşidən peyğəmbər (s. a. v.) belə buyurdu:

“Amma o, cəhənnəmlikdir”.

Adamlardan biri dedi ki, mən onu izləyəcəyəm; görüm bu işin axırı necə olacaq? Sonra onunla birlikdə getdi. Həmin şəxs harada dayandısa, bu biri də orada dayandı. Sürətini artırdığı vaxt bu da onunla ayaqlaşmaq üçün sürətləndi. Birdən elə oldu ki, düşmənin arxasınca düşüb döyüşən şəxs çox ağır bir yara aldı. Dərhal ölmək istədi. Bunun üçün qılıncını yerə qoyub ucunu öz sinəsinə dirədi. Sonra bütün ağırlığını var gücü ilə qılıncın üstünə salıb intihar etdi. Yanındakı adam peyğəmbərin (s. a. v.) yanına gedib belə dedi:

“Mən sənin həqiqətən də, Allahın elçisi olduğuna şahidlik edirəm”.

Peyğəmbər (s. a. v.) ondan soruşdu ki, sənə nə olub?

Həmin adam sözlərinə belə davam etdi:

“Ey peyğəmbər, bayaq sən dedin ki,  o adam cəhənnəmlikdir. Hamı buna təəccübləndi. Mən də demişdim ki, mən bu məsələylə maraqlanacağam. Odur ki, onun arxasınca düşdüm. Birdən o, ağır yaralandı. Dərhal ölüb getmək istədi. Ona görə də qılıncının qəbzəsini yerə söykəyib ucunu sinəsinə dirədi. Sonra bütün ağırlığını qılıncın üstünə salıb intihar etdi”.

Bu sözlərdən sonra peyğəmbər (s. a. v.) belə dedi:

“Bir insan insanların gözündə cənnətlik bir insan kimi rəftar edə bilər. Bu, mümkündür. Amma o, əslində cəhənnəmlikdir. Başqa bir insan da insanların nəzərində cəhənnəmlik kimi hərəkət edə bilər. Bu da mümkündür. Amma o, əslinə baxıldıqda cənnətlikdir”. ((Buxari, Məğazi, 38.))

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.