Müsəlmanlar
Vacib namazdan sonra müstəhəb namaz üçün yeri niyə dəyişirlər?

Vacib namazdan sonra müstəhəb namaz üçün yeri niyə dəyişirlər?

Sual: Məlumdur ki, vacib (fərz) namazlardan sonra sünnə namazları qılmaq üçün yerimizi dəyişdiririk. Bunun səbəbi nədir? Bir dəfə bu sualı bir din xadimindən soruşdum. Cavab olaraq dedi ki, hər durduğun yerdə sənə bir günah var; elə isə yerini dəyişdir. Bu cavab məni qane etmədi. Xahiş edirəm, bu məsələni izah edin.

Cavab: Hənəfi məzhəbinə mənsub olan alimlərin çox bəyəndikləri bir kitab var. Kitabın adı belədir: əl-Məbsut (tam adı: kitabu-l-məbsut). Şəmsəddin əs-Səraxsi tərəfindən qələmə alınıb.

Həmin kitabda bu məsələ ilə əlaqədar olaraq şahidi çoxaltmaq ifadəsi qeyd edilir. Yəni, namaz qılınan yer namaz qılana şahidlik edir. Bu da o deməkdir ki, nə qədər çox yerdə namaz qılınsa, o qədər çox şahid olar.

Bu fikir Qurani-Kərimə də müvafiqdir. Belə ki, Zəlzələ (Zilzal) surəsində deyilir:

Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

Yer öz yükünü çıxardıb atacağı zaman;

İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman –

Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir .

Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!

O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!

Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).

Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).”

Yuxarıdakı ayədə altından xətt çəkilən cümlə bunu bildirir: O gün torpaq (yer) dilə gələcək və deyəcək ki, filankəs mənim üstümdə namaz qılıb.

Bu məsələnin başqa bir cəhəti də var. Məsciddə cəm halda (camaatla) namaz qılındıqda camaat eyni cərgədə – bir-birinin yanında durur. Bu zaman onların sayı az görünə bilər. Bu namazdan sonra isə insanlar müstəhəb namazlarını qılmaq üçün məscidin müxtəlif yerlərinə dağılışırlar. Beləcə, kənardan baxan bəzi bədniyyət insanların gözündə çox görünürlər. Bu, məsələnin psixoloji cəhətidir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.