Müsəlmanlar
Peyğəmbərlər və ilahi kitablar nə üçün eyni yerə göndərilib?

Peyğəmbərlər və ilahi kitablar nə üçün eyni yerə göndərilib?

Sual: Məlumdur ki, Qüds şəhərində ilahi kitabı olan böyük dinlərin bütün peyğəmbərləri, o cümlədən İbrahim, Davud və İsa yaşayıblar. Bu vəziyyəti yer kürəsinin ümumi sahəsi ilə müqayisə edirəm və görürəm ki, dünya əhalisinin təqribən 90 %-nin inandığı dinlər bu qədər kiçik bir əraziyə göndərilib. Bu məsələni necə izah edərdiniz?

Cavab: Allah yer üzünün hər tərəfinə peyğəmbər göndərib. Gəlin, Quranın Tin (əncir) surəsində bildirilən bəzi məqamlara nəzər salaq:

“And olsun əncirə və zeytuna!

And olsun Sina dağına! ((V. Məmmədəliyev və Z. Bünyadovun tərcüməsi belədir: And olsun (Allah Təalanın Musa ilə danışdığı) Tur dağına!))

And olsun bu təhlükəsiz şəhərə!”

Burada təhlükəsiz (əmin-amanlıq içində olan) bölgə Məkkədir. Zeytun dağı Qüdsdə İsa peyğəmbərin (əleyhissəlam) vəhy almağa başladığı dağdır. Turi-Sina isə Musa əleyhissəlamın çıxdığı dağdır.

Bu üç yer böyük peyğəmbərlərin vəhy aldıqları yerlərdir.

Bəs əncir nədir? Daha doğrusu, ayədəki əncir ifadəsi ilə nə nəzərdə tutulur?

Bu halda deyə bilərsiniz ki, əncir ağacı Budda-nın vəhy aldığı ağacdır. Yəni, onun bir peyğəmbər olmağına heç bir maneə yoxdur. Hətta bununla əlaqədar olaraq bəzi tədqiqatlar da aparılıb. Misal üçün, Hindistanlı bir alim olan Səfiyyurrəhman əl-Mübarəkfuri Hind mənbələri (vedalar) üzərində araşdırma aparıb və belə bir nəticəyə gəlib: Bu mənbələrdə Muhəmməd peyğəmbərin (s. a. v.) gələcəyinə dair işarələr (7 səhifədən ibarət bir fəsil) var (Brahman və Rəhman sözlərini müqayisə edin).

Bu o deməkdir ki, dünyanın hər hansı bir yerində dini bir formalaşma varsa, onun mənşəyində bir peyğəmbər var. Qurani-Kərimdə haqqında danışılan peyğəmbərlər bu ərazilərdə olan peyğəmbərlərdir. Hazırkı dünyada həmin peyğəmbərlər (Allah tərəfindən onlarla göndərilən şəriət və təlimlər) hakimdir.

Odur ki, əncir məsələsinin Budda ilə əlaqəsini qursanız, görərsiniz ki, onlar da çox böyük bir bölgədə üstünlük təşkil edirlər.

Buddizmi araşdırın. Bu dinə əsasən zina haramdır. Adam öldürmək ən böyük günahlardandır. Hətta heç bir canlıya qəsd etmək olmaz. Yalan danışmaq günahdır. Xülasə bizim dinimizdə, daha doğrusu, Quranda bildirilən qadağaların demək olar ki, hamısı onlarda da var. Ən böyük səhvləri özləri ilə Allahın arasına Budda-nı qoymaqlarıdır (şirk).

Bu inanc sistemində mühüm bir yer tutan Nirvanaya çatmaq məsələsi də İslamda olan (əslində isə olmayan) təsəvvüf təlimindəki fəna fi-llah məsələsi ilə eynidir. Əslində təsəvvüfdəki bir çox şeyin mənbəyi elə Buddizmdir.

Bayaq da dediyim kimi, buddistlər özləri ilə Allahın arasına vasitəçi kimi Budda-nı qoyurlar. Bu, Budda-nın təqsiri deyil. Xristianlar da Allahla aralarında İsa peyğəmbəri vasitəçi “tuturlar”. Yəni, onu tanrı halına gətirirlər. Unutmamaq lazımdır ki, insanların İsa peyğəmbəri tanrılaşdırması onun özünün qəbahəti deyil.

Əgər Quranda İsa peyğəmbərlə əlaqədar təfsilatlı ayələr olmasaydı, Allah bilir, biz də onun haqqında belə hətərən-pətərən fikirlərə düşə bilərdik.

Hazırkı dövrdə Muhəmməd peyğəmbəri (s. a. v.) tanrılaşdıran o qədər çox insan var ki!

http://www.muselmanlar.com/fitvalar/1892.html

http://www.muselmanlar.com/tedqiqatlar/532.html

Zəlalət yoluxucu xəstəlik kimidir; bir yerdə çıxan kimi hər tərəfi bürüyür. Ona görə də bu cür batil inanclara qarşı mütəmadi olaraq mübarizə aparmaq lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.