Sual: Mən tilavət səcdəsi etmək istəyirəm. Mütləq dəstəmaz almalıyam? Bununla əlaqədar hədis var? Varsa, nə deyilir?
Cavab: Alimlərin böyük əksəriyyəti tilavət səcdəsini namazın bir hissəsi kimi qəbul ediblər. Onlar bu səbəbdən namaz üçün lazım olan dəstəmaz almaq, qibləyə üz tutmaq və övrət yerlərini örtmək kimi şərtləri tlavət səcdəsi üçün də irəli sürüblər.
Məşhur alim Şövkani bununla əlaqədar olaraq belə demişdir:
“Tilavət səcdəsi ilə əlaqədar hədislərdə səcdə edənin dəstəmazlı olmalı olduğuna dair heç bir işarə yoxdur. Səcdə ayəsi oxunduğu vaxt hamı Muhəmməd peyğəmbərlə (s. a. v.) birlikdə səcdə edirdi. Peyğəmbər onların heç birinə: “Dəstəmaz alın”, – deyə tapşırıq verməyib. Belə bir hədis rəvayəti yoxdur. Hamısının eyni zamanda dəstəmazlı olmağı da uzaq bir ehtimaldır. Eyni qaydada onunla birlikdə (Məkkəli) müşriklər də səcdə edirdilər. ((Buxari, Sücudu-l-Quran, 4.)) Halbuki onlar murdardırlar; yəni, dəstəmazları səhih deyil. Yenə Buxaridən gələn bir rəvayətə əsasən xəlifə Ömərin oğlu Abdulla dəstəmazsız olaraq tilavət səcdəsi edirdi.”
İbn Həcərin Fəthu-l-bari adlı kitabında ((5-ci cild, s. 252-253. Hədis nömrəsi 1071.)) bu məsələ ilə əlaqədar olaraq aşağıdakı məlumatlar var:
“Tilavət səcdəsinin dəstəmazsız edilməsinin caizliyi məsələsində Abdulla ibn Ömərə Şəbidən başqa heç kim tabe olmayıb”. Bu xəbəri İbn Əbu Şeybə səhih bir isnadla təxric edib. Onun Əbu Abdurrahman əs-Süləmidən təxric etdiyinə əsasən “Abdullah ibn Ömər səcdə ayəsini oxuyur, dəstəmazı olmadığı halda qibləyə də dönmədən yeriyə-yeriyə və işarə yolu ilə səcdə edirdi.” ((Şövkani, Neylu-l-əvtar, 3-cü cild, s. 119, babu-t-təkbir li-s-sucud və ma yəqulu fihi; Seyyid Sabiq, Fiqhu-s-sünnə, 12-ci nəşr, Beyrut, 1996, 1-ci cild, s. 166.))
Yuxarıda deyilənlər Quranın Maidə surəsinin 6-cı ayəsinə müvafiqdir. O ayədə Allah Təala dəstəmazı namaz qılmaq üçün şərt qoyur. Tilavət səcdəsi isə namazın bir hissəsi kimi görünsə də, həqiqi mənada namaz deyil. Başqa sözlə desək, dəstəmazsız qaydada yerinə yetirilməsinin bir eybi yoxdur.
QEYD: Buxarinin: “Abdulla ibn Ömər dəstəmazsız tilavət səcdəsi edirdi” formasındakı rəvayəti Buxari külliyatının bəzi nəşrlərində, misal üçün, əl-Əsili rəvayətində: “Abdulla ibn Ömər dəstəmazlı qaydada tilavət səcdəsi edirdi” kimi qeyd olunub. Lakin ibn Həcərin dediyinə görə düzgün variant dəstəmazsız ifadəsidir. Həqiqətən də, rəvayət nəşrlərin çoxunda belədir. ((Baxın: Fəthu-l-bari, eyni yer.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.