Sual: Quranın Nisa surəsinin 7-ci ayəsində deyilir ki, kişilərin qohumlarının mirasında 1 hissə nisbətində haqqı var. Həmin ayədə qadınların da 1 hissə nisbətində haqları olduğundan danışılır. Bu 1 hissə nə deməkdir? Xahiş edirəm, izah edəsiniz.
Cavab: Qeyd etdiyiniz ayədə belə deyilir:
“Valideynlərin və yaxın qohumların qoyub getdikləri (maldan) kişilərə pay düşür; valideynlərin və yaxın qohumların qoyub getdikləri (maldan) qadınlara da pay düşür. Bu (mal) istər az olsun, istərsə də çox, (onlar üçün) müəyyən edilmiş bir paydır.” (Nisa, 4/7).
Ayənin tərcüməsindəki “pay düşür” ifadəsi Ərəb dilindəki “nəsibun” (نصيب) sözünün Azərbaycan dilindəki mənasıdır. Bu da “müəyyən bir hissə, pay” mənasında işlədilib və varislik baxımından qadınlarla kişilərin arasında fərq olmadığını, əsl fərqin paylarda olduğunu bildirir. Eyni zamanda sonrakı ayələrdə bu hissələr izah edilmişdir:
“Allah övladlarınız haqqında sizə (belə) tövsiyə edir; kişiyə, iki qadının payı qədər (pay) düşür. Əgər (övladların hamısı) ikidən artıq sayda qadındırlarsa, (vəfat edənin) qoyub getdiyi (malın) üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, (mirasın) yarısı ona çatır. Əgər (ölənin) övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi (malının) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də (ancaq) valideynləridirsə, onun anasına (mirasının) üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaşları (və ya bacıları) varsa, onun ana-sına (mirasının) altıda bir hissəsi düşür. (Bu bölgü) ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra (aparılır). Valideynləriniz-dən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. (Bunlar) Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, düzgün qərar verir.
Əgər (vəfat etmiş) zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri (malın) yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz (malın) dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz (malın) səkkizdə bir hissəsi onlara çatır. Əgər (vəfat etmiş) kişinin və ya qadının valideyni və övladı yoxdursa, (eyni anadan) bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə (mirasın) altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. (Bu bölgü,) (vərəsələrə) (zərər yetirməmək şərti ilə) vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra (aparılır). (Bunlar) Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir.
Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, (Allah) onu (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur.
Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, (Allah) onu içində əbədi qalacağı (Cəhənnəm) oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.” (Nisa, 4/11-14)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.