Sual: Məlumdur ki, Allah hər şey üçün bir qayda və meyar qoyub və onları Quranda bildirib. Günahların bağışlanmağı da həmin qaydalara əsaslanır. Əgər bu məsələdə bu dərəcədə riyazi dəqiqlik varsa, eyni zamanda insan gördüyü günah işləri və onların hansı şərtlər daxilində bağışlanacağını bilirsə, Allaha yalvarmağın nə mənası var? Misal üçün, bir insan şirk günahına batmayıbsa və böyük günahları törətməyibsə, digər günahları onsuz da bağışlanacaq. Elə isə insan nə üçün ömür boyu Allaha yalvarıb yaxarmalı və bağışlanmağını diləməlidir?
Cavab: Bağışlanmağın birinci şərti Allaha boyun əymək və ibadəti şüurlu surətdə yerinə yetirməkdir. Bu da ümumi qaydanın bir hissəsi olduğuna görə Allah Təala tez-tez tövbə-istiğfar etməyimizi buyurub. ((Bu məsələyə dair ayələrdən bəziləri bunlardır: Bəqərə, 2/199; Muhəmməd, 47/19; Nur, 24/31; Təhrim, 66/8.))
Sizin qeyd etdiyiniz şey isə sadəcə olaraq bir-birinə bərabər olan varlıqların arasında mümkündür. Bir adama borcunuzu vaxtında qaytardıqdan sonra yerinə yetirməli olduğunuz başqa bir iş qalmır. Ancaq Allah və bəndənin arasında belə bir bərabərlik yoxdur. Ona görə də böyük günahlardan uzaq durmaqla əlaqədar əmr müstəqil bir məsələdir. Məhz buna görə tövbə edib Allaha yalvarmağı bir kənara “atmaq” olmaz.
Əlavə olaraq, Allah Təala təkcə günahlara görə deyil, qazanılan müvəffəqiyyətlər, əldə olunan nemətlər və oxşar hallardan ötrü də istiğfar etməyi buyurub. Buna ən yaxşı misal Nasr surəsidir. Allah həmin surədə belə buyurur:
“Allahın köməyi və qələbə gəldiyi zaman,
insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə
həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, Ona üz tutanları qəbul edəndir!” (Nasr, 110/1-3)
Başqa sözlə desək, təkcə günahlara görə deyil, həmişə tövbə-istiğfar etmək lazımdır. Muhəmməd peyğəmbərin (s. a. v.) bu sözünü də unutmamalıyıq:
“Həqiqət budur ki, mənim də qəlbim pərdələnir. Mən də hər gün 100 dəfə Allahdan bağışlanma diləyirəm”. ((Müslim, Zikr, 41 (2702); Əbu Davud, Vitir, 26; Tirmizi, Təfsir, 47; İbn Macə, Ədəb, 57.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.