Sual: Eşitmişəm ki, belə bir hədis var: Bir nəfər gəlib peyğəmbərə: “Mən səni sevirəm”, - deyib. Peyğəmbər ona cavab verib ki, get, kasıblıq üçün bir paltar hazırla. Başqa bir nəfər də gəlib peyğəmbərə deyib ki, mən Allahı sevirəm. Peyğəmbər ona cavab olaraq: “Bəla üçün paltar hazırla”, - deyib. Belə bir hədis doğrudan da var?
Cavab: Qeyd etdiyiniz hədis əslində aşağıdakı kimidir:
Abdulla ibn Müğəffəl rəvayət edir ki, bir nəfər gəlib Muhəmməd peyğəmbərə (s. a. v.) belə dedi:
“Ay Allahın elçisi! Mən səni həqiqətən də, sevirəm”.
Peyğəmbər (s. a. v.) buyurdu ki, o dediyin sözə fikir ver. Həmin adam təzədən: “Mən səni doğrudan da, çox istəyirəm”, – dedi.
Rəsulullah (s. a. v.) bu dəfə də ondan ciddi olub olmadığını soruşdu və dedi ki, sözünə fikir ver.
O adam bu dəfə and içdi. Dedi ki, vallah, mən səni həqiqətən çox sevirəm.
Bu sözün üstündən peyğəmbər (s. a. v.) belə buyurdu:
“Əgər məni sevirsənsə, kasıblığa qarşı bir qalxan hazırla. Çünki kasıblığın məni sevən insana gəlməyi selin (daşqın) axar yerinə axmağı qədər sürətlə baş verir”. ((Tirmizi, Zühd, 36.))
Bu hədis məna baxımından səhihdir. Çünki iman və sevgi bir iddia irəli sürmək deməkdir. Hər bir iddianın düzgünlüyünü sübut etmək üçün sübut lazımdır. Bu da öz növbəsində başa gələn bəlalara səbr edib dözməklə mümkün olur. Bu hədisi izah edən digər hədislər belədir:
Səd (r. a. ) deyir ki, mən Muhəmməd peyğəmbərdən (s. a. v.) soruşdum: İnsanların hansının bəlası (dərd-sər, ağır imtahan) daha ağırdır?
O, cavab verdi:
“Əvvəlcə peyğəmbərlər, sonra (həyat tərzi mənasında) onların ardınca gedənlər, sonra da onlara yaxın olanlar. İnsan dindar olduğu nisbətdə ağır sınaqdan keçirilir. Əgər dinində möhkəmdirsə, imtahanı ağırlaşdırılır. Dinində oynaqdırsa, dindar olduğu qədər imtahana çəkilir. İmtahan bəndənin yaxasını buraxmır. Axırda bəndə məruz qaldığı sınaqlarla (boynunda günah qalmayana qədər) günahlarından təmizlənir”. ((Tirmizi, Zühd, 56.))
Aişədən (r. a.) nəql olunan rəvayətə əsasən o, belə demişdir:
“Mükafatın böyüklüyü ağır imtahanın böyüklüyündən asılıdır. Allah bir dəstəni sevdiyi vaxt onları müxtəlif cür imtahandan keçirir. Kim razı olsa, Allahın rizasını (razılıq, məmnunluq) qazanır”. ((Tirmizi, eyni yerdə.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.