Sual: Bir qadın başqa qadınlara pişnamazlıq edə bilər? Bunun bir qayda-qanunu, yeri-yurdu var? Bu məsələdə nə kimi bir məhdudiyyət ola bilər?
Cavab: Pişnamazla (imam-camaat) namaz qılmaq bu ibadəti bir şəxsə tabe olub yerinə yetirmək deməkdir. Qadınlar namaz qıldıqda aralarından bir nəfərə tabe ola bilərlər. Mötəbər mənbələrdən gələn məlumatlara əsasən həzrəti Aişə və əshabə xanımlardan biri olan Ümmü Vərəqə qadınlara pişnamazlıq ediblər.
Fiqh kitablarında bu məsələ mübahisəli bir məsələ kimi təqdim olunur. Peyğəmbərimizin (s. a. v.) xanımlarından həzrəti Aişə və Ümmü Sələmə, eləcə də tabein alimlərindən Ata, Səvri, Əvzai kimi şəxslər, bundan başqa imam Şafei, İshaq və Əbu Səvr kimi alimlər qadının qadına imamlığını müstəhəb hesab ediblər.
Əhməd ibn Hənbəl müstəhəb olmadığını qeyd etmişdir. Hənəfilərdən əshabu-r-rəy və imam Malik bunu məkruh sayıblar; bununla belə, (onların fikrinə əsasən bu cür qılınan) namaz səhihdir (qüvvədədir, düzgündür).
Yenə tabeindən Şəbi, Nəhai və Qətadə adlı şəxslər qadının sadəcə olaraq müstəhəb namazlarda qadınlara pişnamazlıq etməyinin mümkünlüyünü bildirib. Onlar belə hesab edirlər ki, fərz (vacib) namazlarda qadın qadına pişnamaz ola bilməz.
Həsəni Bəsri və Süleyman ibn Yəsar isə qadının qadınlara pişnamaz olmağını heç bir halda (istər müstəhəb, istərsə də vacib namaz olsun) qəbul etmirlər.
Bir qadının digər qadınlara pişnamazlıq etməyini mümkün hesab edənlər həzrəti Aişə və əshabə xanımlardan Ümmü Vərəqənin öz dövrlərində qadınlara camaatla namaz qıldırdıqlarını əsas tuturlar. Onlar bunu öz fikirlərinə dəlil kimi qəbul edirlər. Bizim fikrimizcə də düzgün fikir budur.
Yeri gəlmişkən, bu fikirdə olanlar qeyd ediblər ki, qadınlara cəm halda namaz qıldırmaq üçün pişnamaz olan qadın kişi pişnamaz kimi camaatdan qabaqda deyil, onlarla eyni cərgədə durmalıdır. ((MƏNBƏ: İbn Qudamə, Müvəffəqəddin Əbu Muhəmməd Abdulla ibn Əhməd, İbn Qudamə əl-Məqdisi, Şəmsəddin Əbu-l-Fərəc Abdurrahman ibn Əbu ömər Muhəmməd ibn Əhməd: əl-Muğni və-ş-şərhu-l-kəbir alə mətni-l-muqni, Daru-l-fikr, Beyrut, 1984-cü il, 2-ci cild, s. 36, 1145-ci məsələ.))
Yuxarıda da qeyd etdik ki, Hənəfi məzhəbi kimi qadının qadına pişnamazlıq etməyini məkruh hesab edənlər var. Onlar təkcə öz fikirlərinə əsaslanıblar. Deyiblər ki, pişnamaz qadın camaat olan qadınların qabağına keçə bilməz; onun pişnamazlığı elə buna görə məkruhdur. Ancaq onlar belə, həm pişnamaz olan qadının, həm də ona tabe olub namaz qılan qadınların namazlarının düzgün olduğunu qəbul ediblər.
Nəticə olaraq, qadının qadınlara pişnamaz olmağında bir problem yoxdur.
Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxın:
http://www.muselmanlar.com/fitvalar/2152.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.