Sual: Mən bu il 25 min manatlıq məhsul (buğda) götürdüm. Ancaq borcum (75 min manat) qazancımı keçir. Bu halda buğdaya zəkat düşür?
Cavab: Verdiyiniz məlumatlara əsasən sizə zəkat vermək düşmür. Çünki Allah Təala zəkatın ancaq əlində malı olandan alınmağının mümkünlüyünü bildirir:
“Onların mallarından sədəqə al. Beləcə, onları təmizləmiş və inkişaf etdirmiş olarsan”. (Tövbə, 9/103)
Dediklərinizə görə sizin əlinizdə zəkatlıq mal yoxdur. Zəkat üçün əldə olmalı olan mal aşağıdakı ayəyə əsasən ehtiyacdan çox olmalıdır:
“Səndən nəyi xərcləyəcəklərini soruşurlar. De ki, artıq qalanı”. (Bəqərə, 2/219)
Muhəmməd peyğəmbərin (s. a. v.) bu məsələ ilə əlaqədar müxtəlif sözləri var. Onlardan bəziləri aşağıdakı kimidir:
“Zəkat varlılardan alınır. Kasıblara verilir”. ((Buxari, Zəkat, 1, 63; Müslim, İman, 29 (19); Əbu Davud, Zəkat, 5; Tirmizi, Zəkat, 6; Nəsai, Zəkat, 1; İbn Macə, Zəkat, 1.))
“Sədəqə/zəkat ancaq zəngindən alınır”. ((Buxari, Zəkat, 18, Vəsiyyət, 9; Əhməd ibn Hənbəl, 2/230.))
Xəlifə Osmandan belə bir rəvayət var:
“Bu, sizin zəkat ayınızdır. Kimin borcu varsa, ödəsin ki, nə qədər malı olduğu bilinsin. Borcunu qaytardıqdan sonra əlində qalan mal-mülkünün zəkatını versin. Əlindəki mal-dövlət nisab miqdarından azdırsa, zəkat verməyi lazım deyil”. ((Muvatta, Zəkat, 1, hədis nömrəsi 322.))
Hənəfi məzhəbinin məşhur alimlərindən Muhəmməd bu rəvayəti qeyd etdikdən sonra belə demişdir:
“Biz bu rəvayəti əsas tutub deyə bilərik ki, bir şəxsin həm malı, həm də borcu varsa, əvvəlcə borcunu ödəməlidir. Sonra əlində zəkat düşəcək qədər malı qalsa, onun zəkatını versin. Əbu Hənifənin fikri də bu cürdür”.
Nəticə olaraq borcunuzu çıxandan sonra qalan məbləğ nisab miqdarına çatmırsa (sualınızdan belə başa düşülür), zəkat verməli deyilsiniz. Əlinizdəki malın ticarət malı, iri buynuzlu-xırda buynuzlu mal-qara və ya torpaq məhsulları olmağının bir fərqi yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.