Sual: Siz deyirsiniz ki, dişləri sürtüb təmizləmək orucu batil etmir. Misvak haqqında da belə deyirsiniz. Misvakı başa düşürəm. Çünki o, dadı olmayan, ağızda heç bir ləzzət hissi yaratmayan bir ağac qırığıdır. Diş pastası isə nanə aromatı və şəkər ehtiva edir. Onun tərkibində başqa maddələr də olur. Belə olan halda, diş pastasının ağızda yaratdığı dad orucu pozmur?
Cavab: Dişləri istər misvak, istərsə də diş fırçası (şotka) ilə təmizləmək olar. Ağzı yumaq əli yumaq kimidir. Çünki oruc məsələsində ağız bədənin xarici üzvlərindən hesab olunur. Ancaq ağız boğaza çox yaxındır. Ona görə də ehtiyatlı olmaq lazımdır. Diş pastasının ağızda buraxdığı dad bir ətirin (iy, qoxu) buruna getməyi kimidir. Bununla belə, diş pastasının bir tikəsi boğazdan aşağı getsə, oruc pozulur.
Ağza daxil olan pastanı tamamilə təmizləmək çətindir və ola bilər ki, tüpürcəklə boğazdan aşağı keçsin. Buna görə də yaxşı olar ki, orucluq vaxtı dişlər pasta ilə deyil, misvakla təmizlənsin.
QEYD: Misvak ağacı (salvadora persica) salvadoraceae fəsiləsindən bir bitkidir. İnsanlar bu bitkinin qələm formasında kəsilib yonulan budaqlarını misvak adlandırır və diş təmizləmək vasitəsi kimi istifadə edirlər. Bu bitki Şərqi Afrikadan Hindistana qədər bir çox ərazidə yetişir. Gözəl ətirlidir və meyvəsi yeyilir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.