Müsəlmanlar
İş yerində dinə zidd söhbətlər olduqda nə etmək lazımdır?

İş yerində dinə zidd söhbətlər olduqda nə etmək lazımdır?

Sual: Mən bir firmada işləyirəm. Buraya dünyanın hər yerindən kliyentlər gəlir. Onların arasında müsəlman da olur, xristian və yəhudi də. Hətta buddistlər də gəlirlər. İş yerində bəzən də olsa, dini məsələlərdən danışırıq. Birdən elə olur ki, bir kliyent gəlir və bir şey bilmədiyi halda, İslam dini və müsəlmanlarla əlaqədar sözlər deyir. Bizim firmanın müdiriyyəti də onlara xoş görünmək üçün bu sözləri təsdiq edirlər. Əsas məqsədləri budur ki, kliyent qaçıb getməsin. Mən bu vəziyyətə dözməyib etiraz edirəm. Ancaq özüm də etirtazla qarşılaşıram. Belə ki, müdiriyyət mənə deyir: “Əşi, sənə nə var? Sən bu söhbətlərə qarışma. Elə eləmə ki, sənin ucbatından kliyentlər bizdən incisinlər”. Qısa desəm, mən belə şeylərdən narahat oluram. Sizcə bu cür söhbətlərin qarşısında susmalıyam, yoxsa yox?

Cavab: Aşağıdakı Quran ayələrinə əsasən iş yerinizdə dinə tamamilə zidd olan söhbətlərə şahid olduqda və sizə öz fikrinizi bildirmək üçün imkan verilmədiyi vaxt mübahisə etməməli, bir vasitə ilə o mövzu və mübahisədən uzaqlaşmalısınız.

Lakin sizdən fikrinizi soruşan olduqda düzgün hesab etdiyiniz şeyləri, daha doğrusu, dini baxımdan doğru olan həqiqətləri deməlisiniz.

Allah Təala belə buyurur:

“O, bu kitabda sizə bunu bildirmişdir: “Allahın ayələrinin inkar olunduğunu və lağa qoyulduğunu eşitdiyiniz vaxt onlarla oturmayın. Başqa bir mövzuya keçilənə qədər bu cür hərəkət edin. Yoxsa siz də onlar kimi olarsınız”. Allah bütün münafiq və kafirləri Cəhənnəmdə bir yerə yığacaqdır”. (Nisa, 4/140)

“Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra həmin zalım camaatla birgə oturma.

Müttəqilər (Allahdan qorxub çəkinənlər) onların törətdiklərinə görə azca da olsa məsuliyyət daşımırlar. Lakin xatırlatmaq lazımdır ki, bəlkə, (Allahdan) qorxalar”. (Ənam, 6/68-69)

“Sən məlumat ((Məlumat kimi tərcümə etdiyimiz sözün orijinalı “zikr” sözüdür. Zikr həmişə yaddaşda olan və istifadəyə hazır bilik deməkdir. Ətraflı məlumat üçün baxın: Rağib əl-İsfahaninin Müfrədat lüğəti, müvafiq bənd.)) ver (xatırlat)! O məlumat bir işə yarayırsa,

Özünü islah edib düzəldənlər o məlumatdan istifadə edəcəklər.

Xeyirsiz şəxs ((Burada ismi-təfzil mənası verilməyib. Çünki أفعل qəlibi bəzi hallarda sifəti-müşəbbəhə də olur.)) (ən bədbəxt kimsə) isə onu qulaqardına vurar”. (Əla, 87/9-11)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.