Müsəlmanlar

Saqqız çeynəmək orucu pozur?

Sual: Saqqız çeynəmək orucu batil edir? Yoxsa bu təkcə məkruh bir əməldir?

Cavab: Məşhur İslam alimi Ömər Nasuhi Bilmənin böyük islam elmihalı adlı əsərində bu məsələ ilə əlaqədar olaraq belə deyilir:

“Oruclu bir insanın əvvəlcə çeynənmiş ağ rəngli və parçalanmayan bir saqqızı çeynəməyi məkruhdur. Amma təzə (heç çeynənməmiş) bir saqqızı çeynəmək caiz deyil (olmaz)”.

Bu fikir bizcə də düzdür. Çünki oruc imsak vaxtından axşam günəş batana qədər ibadət niyyəti ilə yemək-içmək və cinsi əlaqədən uzaq durmaq deməkdir.

Quranda belə deyilir:

Orucluq gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul etdi. İndi onlarla birləşə bilərsiniz. Allah sizin üçün nə yazıbsa, onu axtarın. Şəfəqin qara cizgisi ağ cizgisindən sizcə tam seçilənə qədər yeyib-için. Sonra orucunuzu axşama qədər tamamlayın. Məscidlərdə etikaf (ibadət) halında olduğunuz zaman onlara yaxınlaşmayın. Bunlar Allahın qoyduğu hədlərdir; o hədləri aşmayın! Allah ayələrini (hökmlərini) insanlara belə izah edir ki, bəlkə, onlar müttəqi olsunlar”. (Bəqərə, 2/187)

Yuxarıdakı ayəyə əsasən yemək-içmək və cinsi əlaqədə olmaq orucu pozur (batil edir, sındırır). Ayənin axırında deyilir ki, bunlar Allahın hədləridir, onları aşmayın.

Elə isə o hədlərə aparan, onlara yaxınlaşdıran işləri də görməmək lazımdır. Yəni, insan oruc tutuğu vaxt yemək-içmək və cinsi əlaqəyə aparan hər növ işdən uzaq durmalıdır.

Saqqız çeynədikdə onun bir hissəsi insanın boğazına qaça bilər. Başqa cür desək, saqqızın udulmaq ehtimalı var. Ona görə oruc vaxtı saqqız çeynəməmək lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.