Müsəlmanlar

Ehramın qadağaları nədən ibarətdir?

Sual: İnsan ehramda olduğu vaxt hansı işləri görə bilməz? Xahiş edirəm, qısaca izah edin.

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, ehram (ihram) harama girmək deməkdir. Namaz qılmağa başladığımız vaxt: “Allahu Əkbər!”, – deyib başlayırıq. Buna təhrimə təkbiri deyilir. Təhrimə insanın özünü harama daxil etməsi deməkdir. Buradakı haram ifadəsi ilə haram iş görmək deyil, əksinə, müəyyən qadağaları pozmamağı öz öhdəsinə götürmək nəzərdə tutulur. Başqa cür desək, namaza başlayan insan namazdankənar işlərlə məşğul olmağı özünə bir növ qadağan edir. Misal üçün, namaz üstündə ola-ola əlini uzadıb bir stəkan su götürmür. Eləcə də, ondan soruşulan bir şeyə cavab vermir. Bu, ehramlı olmaq deməkdir. Yəni, namazın qadağaları başlamış olur. Oruc tutmağa başladıqdan sonra yemək-içmək və cinsi əlaqə kimi orucu pozan şeylərdən uzaq durmaq da belədir.

Həcc və ömrə üçün ehrama girmək də niyyət edib təlbiyə ((Təlbiyə həcc və yaxud ömrə üçün ehrama girən şəxslərin oxuduqları zikrdir. O zikr belədir: Ləbbeyk Allahummə ləbbeyk, la şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mülk, la şərikə lək.)) gətirməkdir. “Ləbbeyk”, – dedikdə insan namazda: “Allahu Əkbər”, – demiş kimi olur. Bu ibadətə başladıqdan sonra qadağan olan şeylər aşağıdakı kimidir:

“Həcc (ziyarəti) məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc (ziyarəti) əsnasında (qadınıyla) yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır”. (Bəqərə, 2/197)

Burada cinsi əlaqəyə aparan hər növ təhrik edici sözlər danışmaq da qadağandır.

Günah iş görmək başqa vaxtlarda da qadağandır. Ancaq bu vaxt xüsusilə diqqətli olmaq lazımdır. Həcc ibadəti vaxtı kiminləsə mübahisə etmək də qadağandır. Ehrama girən şəxs bütün bunları yerinə yetirməyi öhdəsinə götürür.

Biz burada ehramın qadağalarının bir qismini qısa şəkildə izah etməyə çalışdıq. Bu barədə saytımızda ətraflı məlumat var:

http://www.muselmanlar.com/fitvalar/hecc-omre

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.