Müsəlmanlar
Hənif nə deməkdir?

Hənif nə deməkdir?

Sual: Hal-hazırda müsəlmanlar yüzlərlə məzhəb və firqəyə bölünüblər. Son vaxtlarda özlərini hənif adlandıran təzə bir dini icma yaranıb. Onlar deyirlər ki, biz Qurana əsasən yaşayırıq. Qadınların başını örtməyi və namaz kimi məsələlərə dair çox hətərən-pətərən fikirləri var. Həqiqətən də, Qurandakı hənif məfhumunu bu insanlara aid etmək olar?

Cavab: Hənif sözü Quranda İbrahim peyğəmbərlə əlaqədar olaraq işlədilir. Belə ki, Ənam surəsində deyilir:

“De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”. (Ənam, 6/161)

Hənif sözü doğru-dürüst olan və səhvlərdən uzaq duran kimi mənalar verir. Lüğəvi mənada batil yolda olan – düzgün yoldan çıxıb uzaqlaşana da hənif deyilir. Sualınızda qeyd etdiyiniz adamlar da bu cür həniflərdəndirlər.

Bəzi insanlar Qurani-Kərimin hökmlərini özlərinə sərf etdiyi kimi şərh etməyə – onu özlərinə uydurmağa cəhd edirlər. Dərslərimizdə tez-tez təkrar etdiyimiz bir Quran ayəsi var:

“Allah bir dəstəni yoluna qəbul edər, bir dəstə də zəlalətə layiq olar. Zəlalətə layiq olanlar Allahı ikinci cərgəyə qoyub şeytanları özlərinə dost tutanlardır. Üstəlik də özlərinin düzgün yolda olduqlarını güman edirlər”. (Əraf, 7/30)

Bu kimi şəxslər Quran ayələrinin arasındakı əlaqələri gördükləri halda, özlərini elə aparırlar ki, guya belə bir şey heç yoxdur. Peyğəmbərimizin (s. a. v.) hədislərini də nəzərə almırlar. Çünki onlara belə bir şey sərf etmir. Sonra da durub deyirlər ki, biz hənifik və Quran bizim həyat tərzimizdir. Nəticə etibarilə, heç kəs öz ayranına turş demir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.