Müsəlmanlar

Təbbət surəsi

Təbbət (Məsəd) surəsi

Bismillahi-r-Rəhmani-r-Rəhim!

(Yaxşılığı sonsuz, lütfü bol olan Allahın adı ilə)

تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ

1. Əbu Ləhəbin əlləri qurusun! Qurudu da!

مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ

2. Onu nə mal-dövləti xilas edəcək, nə də qazancı.

سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ

3. O, alovlu bir odda qızaracaq.

وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ

4. Onun odun hamballığı edən arvadı da!

فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ

5. Üstəlik (arvadının) boynunda xurma liflərindən bir kəndir olacaq.

Əbu Ləhəb Muhəmməd peyğəmbərin (s. a. v.) əmisinin ləqəbidir. Tam adı Əbu Utbə Abduluzza ibn Abdilmuttalib ibn Haşimdir. Hicri 2-ci , miladi 624-cü ildə ölüb. Bu ləqəb (od atası) ona hər iki yanağının üst tərəfi, eləcə də almacıq sümükləri qırmızı və parıltılı olduğuna görə verilib. ((Zəməxşəri, Kəşşaf, müvafiq surənin təfsiri.)) Onun özünün fəxr etdiyi bu xüsusiyyət Quranın Təbbət surəsində “qırmızı üz” yaraşdırması formasında əleyhinə işlədilib.

Bir gün aşağıdakı ayə nazil olmuşdu:

“Öz cəmiyyətindən sənə ən yaxın olanları xəbərdar et!”. (Şuəra, 26/214)

Muhəmməd peyğəmbər (s. a. v.) Səfa təpəsinə çıxıb: “Ey gözəl üzlülər!”, – deyə, səsləndi. O vaxt camaat hər tərəfdən gəlib onun ətrafına yığışdı. Peyğəmbər sözlərinə belə davam etdi:

“Ey Abdulmuttalib oğulları! Ey Fihr oğulları! Əgər sizə bu dağın ətəyində atlıların olduğunu desəm, mənə inanarsınız?”.

Hamı bir ağızdan: “Bəli!”, – deyə, cavab verdi.

Peyğəmbərimiz bunun üstündən: “Mən sizi o saatdan (Qiyamət) qabaq xəbərdar edən şəxsəm”, – dedi.

Əbu Ləhəb söhbətə qarışıb dedi:

“Sənin əlin qurusun! Bizi elə buna görə çağırdın?”.

Bu hadisənin üstündən Təbbət surəsi nazil oldu. ((Yenə orada.))

Surədə: “Əbu Ləhəbin əlləri qurusun! Qurudu da!”, – deyilməyi göstərir ki, onun qarğışı özünə qayıdıb. Çünki edilən pisliyin cəzası onun özü kimi bir pislikdir. Pislik verilən əziyyətin aradan qaldırılmasından sonra baş verir. Beləliklə, təcavüzkar tərəf törətdiyi cinayətə müvafiq bir cəza ilə cəzalandırılır. Allah Təala belə buyurur:

“Bir pisliyin cəzası ona bərabər bir pislikdir”. (Şura, 42/40)

Peyğəmbərimizin bu sözü də yuxarıdakı ayəyə əsasən deyilmiş bir sözdür:

“Bir nəfər başqa birinə qarğış (lənət) edirsə və həmin şəxs buna layiq deyilsə, qarğış yiyəsinə qayıdır”. (Əbu Davud, Ədəb,45)

Əbu Ləhəb və arvadı barədə verilən hökm tövbə etmədən öldükləri halda qüvvədədir. Əgər onlar tövbə etsəydilər, qəbul olunardı. Quranda deyilir:

“Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir (düzgün qərar verir). Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq”. (Nisa, 4/17-18)

Fironun tövbəsi ona görə qəbul edilmədi ki, ölüm gəlib yetişdiyi vaxt tövbə etdi:

“Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa tanrı olmadığına inandım. Mən də Ona təslim olanlardanam!”. (Firona deyildi:) “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir”. (Yunus, 10/90-92)

Təbbət surəsində qeyd olunan məsələ Quranın üslubundan irəli gəlir. Bu üslub mürtədlər üçün də işlədilib. Ancaq tövbə edib özünü düzəldənlər istisna olunublar. Bununla əlaqədar ayələr aşağıdakı kimidir:

“İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. İman gətirdikdən, Peyğəmbərin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz. Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir. Onlar (bu lənətə) həmişəlik gömüləcəklər. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir Bundan sonra tövbə edib (öz əməllərini) islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir”. (Ali-İmran, 3/85-89)

Əbu Ləhəb və arvadı özlərini dəyişdirmədiklərinə görə o ağır cəzaya layiq olublar. Allah belə buyurur:

“Bu bir qanundur. Bir cəmiyyət özünü dəyişdirməsə, Allah ona verdiyi neməti dəyişdirməz. Allah eşidəndir, biləndir”. (Ənfal, 8/53)

Yuxarıda da qeyd etdiyimiz kimi, Əbu Ləhəb “alov atası” deməkdir. Bizim alov kimi tərcümə etdiyimiz söz Mürsəlat surəsində Allah tərəfindən belə izah edilir:

“O (ləhəb) nəhəng imarətlər kimi qığılcım püskürür. Sanki qaynar qordan kəndirlər kimi”. (Mürsəlat, 77/32-33)

Allah bu surədə Əbu Ləhəbin acınacaqlı aqibətindən xəbər verir və onun simasında bütün insanları xəbərdar edir. Çünki onu nə mal-dövləti xilas edəcək, nə də qazancı.

Əbu Ləhəbin arvadı ömür boyu ərinə kömək etmişdi. Axirətdə də əri və özü üçün yanan oda odun daşımaqla köməyə davam edəcək. Boynunda da dünyada ikən taxdığı ləl-cəvahiratın əvəzinə xurma lifindən hazırlanmış bir kəndir olacaq.

Yeri gəlmişkən, qeyd edək ki, bu surəni insanların talelərinin qabaqcadan məlum olduğuna dair dəlil-sübut kimi qəbul etmək olmaz. Çünki Əbu Ləhəb və arvadı bu hala öz əməllərinin ucbatından düşüblər. Quranda deyilir:

“Allah bir dəstəni yoluna qəbul edər, bir dəstə də zəlalətə layiq olar. Zəlalətə layiq olanlar Allahı ikinci cərgəyə qoyub şeytanları özlərinə dost tutanlardır. Üstəlik də özlərinin düzgün yolda olduqlarını güman edirlər”. (Əraf, 7/30)

Bizim borcumuz odur ki, bütün bunlardan ibrət dərsi götürək və Allahın Öz yoluna qəbul etdiyi şəxslərdən olmaq üçün cəhd edib çalışaq.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.