Sual: Özümüz haqqında danışdıqda hansısa məzhəbə mənsub olduğumuzu mütləq deməliyik? Ümumiyyətlə bir məzhəbə mənsub olmadan İslam dinini yaşamaq mümkündür, yoxsa yox? İnsanlar özlərini nəyə görə bir təriqət və məzhəblə tanıdırlar?
Cavab: İslam dinində belə bir şərt yoxdur. Başqa sözlə desək, Qurani-Kərim və peyğəmbər hədislərində belə bir tələb qətiyyən yoxdur. Bu kimi şeylər tarixən yaranıb və adət-ənənə halını alıb.
Allah Quranda belə buyurur:
“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!”. (Ənam, 6/159)
Burada dinini parça-parça edib kimlərinsə ətrafına yığışanlar nəzərdə tutulur. Yəni, filan ağanın camaatı, filan təriqət şeyxinin icması, filankəsin təriqəti və sairə kimi. Allah Muhəmməd peyğəmbərə (s. a. v.) bildirir ki, sən heç bir məsələdə onların cərgəsində deyilsən. Məzhəblərə və məzhəbpərəstliyə verilməli olan cavab məhz budur!
Burada çox vacib bir məqam da var: Əgər biz özümüz Quran və Sünnədən hökm çıxartmağı bacarmırıqsa, şübhəsiz ki, bilənlərdən soruşub öyrənməliyik. Amma bu o demək deyil ki, kimi isə kor-koranə təqlid edək.
Bilirsinizmi, bu nəyə oxşayır? Tutalım ki, siz gedib bir marketdən çörək aldınız. Məgər bu halda bütün digər şeyləri də eyni marketdən almağa məcbursunuz? Əlbəttə ki, xeyr! Çünki o marketin satdığı çörək ləzzətli və tutumlu ola bilər, ancaq başqa bir yerdə satılan pendir də oradakından keyfiyyətli ola bilər! Başqa bir yerdən də təzə meyvələri və digər ərzaq məhsullarını almaq olar. Yaxud da filankəs daha ucuza satır deyə, gedib başqa yerdən ala bilərsiniz.
Yuxarıdakı sözlər bir misal vermək üçün işlədilib. Əlbəttə, müsəlman elm öyrənməli, dini məsələri də xüsusi qaydada araşdırmalıdır. Öz işinə sərf edir deyə, gedib kiminsə ətəyinə yapışmamalı, onun dediklərinin hamısını düzgün şeylər kimi qəbul etməməlidir. Əksinə, hər şeyi Quran və Sünnəyə əsasən saf-çürük etməlidir.
Odur ki, əgər bir şəxs hər hansı bir dini məsələyə dair fikir söyləyirsə, onun dediyinin Quran və Sünnəyə nə dərəcədə müvafiq olub olmadığına baxmaq lazımdır. Və ən vacibi budur ki, bir nəfər bir şeyi düz deyibsə, onun bütün dediklərinə necə deyərlər, abunə olmayasan.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Sualınızla əlaqədar olduğu üçün aşağıdakı keçidləri də nəzərdən keçirin:
http://www.muselmanlar.com/dusunce-sahesi/281.html
http://www.muselmanlar.com/fitvalar/mezhebler
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.