Müsəlmanlar

Qan və yuxu dəstəmazı pozur?

Sual: Dəstəmazı pozan şeylər nələrdir? Hənəfi məzhəbində deyilir ki, qan dəstəmazı batil edir. Alimlərin əksəriyyəti isə belə hesab edir ki, qan dəstəmazı pozmur. Bəs yuxu necə? Görəsən, bu işin əsli nədir?

Cavab: Qurani-Kərimdə dəstəmazı pozan amillər kimi ayaqyolunda baş verənlərdən danışılır. Bunlar sidiyə getmək, böyük tualet ehtiyacını ödəmək və yel çıxartmaq deməkdir. Bunlardan başqa dəstəmazı pozan bir şey yoxdur.

Bəli, qanın dəstəmazı pozduğunu Hənəfi məzhəbindən olanlar deyirlər. Onlar bunu bir hədislə əsaslandırmağa çalışırlar. Misal üçün, onlar deyirlər ki, peyğəmbərimiz bədəndən axan hər növ qanın dəstəmazı pozduğunu bildirib. Həmin hədis təkcə onların öz kitablarında qeyd edilib. Başqa bir hədis külliyatında belə bir hədis yoxdur.

Şafei, Hənbəli və Maliki məzhəbləri də dəstəmazı pozan şeylər kimi ayaqyolunda baş verən şeyləri əsas götürürlər. Şafeilər bu siyahıya bir qadına toxunmağı da əlavə edirlər. Bu da səhih deyil; əksinə, səhv bir şərhdir.

İndi isə gələk yuxunun dəstəmazı pozub pozmaması məsələsinə. Yuxu (yatmaq) öz-özlüyündə dəstəmazı pozmur. Bəs yuxuya nə üçün dəstəmazı pozan bir amil kimi baxılır? Çünki insan yatdıqda bədən boşalır və bu vaxt yel çıxartmaq ehtimalı yüksək olur.

Hənəfilərin məşhur əsərlərindən biri olan əl-Məbsutda Əbu Musa əl-Əşaridən nəql olunan bir rəvayət var. Belə ki, deyilənə görə o, yuxudan oyandıqdan sonra ətrafındakılardan soruşurmuş:

“Siz bir iy hiss etdiniz?”.

Əgər: “Bəli”, – deyə, cavab versələr, durub dəstəmaz alırmış. “Yox”,- desələr, dəstəmaz almırmış.

Yuxarıda da qeyd etdiyimiz kimi, yuxuda insanın fərqinə varmadan dəstəmazının pozulmuş olması ehtimalı əsas götürülür. Buna görə də yatıb yuxuya getmək dəstəmazı pozur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Yeri gəlmişkən, bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxumağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/3187.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.