Müsəlmanlar
Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk?

Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk?

Sual: Mən sizin saytınızda qəbir üstünə getməklə əlaqədar olan yazıların hamısını oxudum. Mən də bir çox məsələdə sizinlə həmfikirəm. Muhəmməd peyğəmbərin dediyi kimi, qəbir üstünə getməyin məqsədi o biri dünyanı yada salmaqdır. Siz də bu hədisi yazmısınız. Eyni zamanda qeyd etmisiniz ki, qəbir üstünə getdikdə müəyyən duaları oxumaq və qəbristanlıqda yatanlara salam vermək lazımdır. Məgər bu hal: “Onlar sizin səsinizi eşitməzlər” ayəsinə zidd deyil?

Cavab: Biz müsəlmanlar qəbir üstünə gedirik və orada salam veririk. Amma salamı səsimizi qəbirdəkilərə eşitdirmək üçün vermirik. Salam bir duadır. Biz sadəcə olaraq Allahın məsləhət bildiyi və peyğəmbərin (s. a. v.) həyata keçirdiyi qaydada özümüzdən əvvəl imanla gəlib gedən qardaşlarımıza salam verib onlar üçün xeyir-dua edirik.

Əlavə olaraq: “Dirilərlə ölülər də bir olmazlar. Şübhəsiz ki, Allah istədiyinə eşitdirir. Sən qəbirdəkilərə eşitdirə bilməzsən” (Fatir, 35/22) ayəsinə əsasən bizim verdiyimiz salamı məhz Allahın onlara eşitdirməyi də mümkündür. Başqa sözlə desək, biz eşitdirə bilmərik. Amma bu, Allah üçün asandır.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2163.html

http://www.muselmanlar.com/fitvalar/407.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.