Sual: Qurani-Kərimə əsasən Ərəb dilindəki dua sözünü ibadət sözü ilə eyni mənada qəbul etmək və bu cür işlətmək nə dərəcədə düzdür?
Cavab: “Dua dəvət sözünün məsdəridir. Daha sonra kiçikdən böyüyə, aşağıdan yuxarıya çatdırılan istək və ehtiyac mənasında adət olmuş, isim kimi də işlədilmişdir. “Duaya qulaq asdım, dua oxudum”, – deyilməsi də, buna bənzərdir.” ((Elmalılı Muhammed Hamdi YAZIR, Hak Dini Kuran Dili, c. I, s. 662, (“Bəqərə” surəsi 186-cı ayənin təfsiri) İstanbul 1935.))
İbadət isə itaət etmək mənasına gəlir. İtaət tabe olmaq deməkdir. Bu, daha çox əmrə tabe olmaq və onun izi ilə getmək mənasında işlədilir. ((İbn Mənzur, «Lisanul-arab». İtaət “tav” kökündəndir. “Tav” boyun əymək deməkdir. Bunun əksi səhv nifrət etmək, xoşlamamaqdır. Ayədə belə buyurulur: “Sonra Allah duman halında olan göyə üz tutdu ona və yerə belə buyurdu: “İstər-istəməz buyruğuma gəlin!” İkisi də: “İstəyərək gəldik!” – dedilər” (“Fussilət” surəsi, 41/11). “İtaət” sözü də eyni kökdən olub “boyun əymək” mənasını verir və daha çox “Əmrə tabe olmaq və izi ilə getmək” mənasında işlədilir. (Rağıb elİsfahânî, el Müfredât, طوع maddəsi).)) Azərbaycan və Türk dillərində buna “qulluq” deyilir. İbadət termin kimi Allahın əmrini yerinə yetirmək üçün səmimi niyyətlə namaz qılmaq və oruc tutmaq kimi davranışlara verilən addır.
Dua ilə ibadət arasında yaxın əlaqə vardır. İbadətin əsas məqsədi duadır. Yəni Allaha ibadət edən insan bəzi istəklərini əldə etmək istəyir. Allah Təala da dualarımızın qəbulu üçün həm namaz qılmağımızı, həm də səbirli olmağımızı əmr edərək belə buyurur:
يَا اَيُّهَا الَّذِينَ اَمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَوةِ اِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ
“Ey iman gətirənlər! Səbir göstərərək və namaz qılaraq kömək diləyin. Çünki Allah səbir edənlərlə bərabərdir” (“Bəqərə” surəsi, 2/153). Bir ayə də belədir:
وَاِذَا سَاَلَكَ عِبَادِى عَنِّى فَاِنِّى قَرِيبٌ اُجِيبُ دَعْوَةَ الدَّاعِ اِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِى وَلْيُؤْمِنُوا بِى لَعَلَّهُمْ يَرْشُدُونَ
“Qullarım Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Mənə dua edənin duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul etsinlər. Mənə güvənsinlər. Bəlkə də yetkinləşirlər” (“Bəqərə” surəsi, 2/186).
İnsan Allahdan bir şey istədikdə ona daha yaxşı qul olmağa çalışır. Bu səbəbdən ibadət qabıq, dua isə nüvə kimidir. Muhəmməd sallallahu aleyhi va səlləm belə demişdir: “Dua ibadətdir, ((Tirmizi «Dua»,1, hədis N: 3372.)) Dua ibadətin iliyidir, əsasıdır.” ((Tirmizi «Dua»,1, hədis N: 3371.)) Əsas məqsəd Allaha istəklərini qəbul etdirməkdir. Dua əvəzinə ibadət sözü işlədildikdə, bu əlaqələr tamamilə itir. O zaman insanlar vasitəçilərdən kömək gözləməyə başlayırlar.
İstəklərini bir övliya və ya bir ruhani vasitəsi ilə Allaha bildirən, əvvəlcə onu razı salmaq istəyir. Ona hədiyyələr, qurbanlar təqdim edir, mənəvi hüzurunda təzim edir. Bunun ona qulluq, yəni ibadət olduğu “Əhqaf” surəsinin 6-cı ayəsində belə ifadə edilmişdir:
وَاِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ اَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ
“O insanlar bir yerə toplanacaqları gün bunlar onlara düşmən olacaq və onların qulluğunu (ibadətlərini) qəbul etməyəcəklər” (“Əhqaf” surəsi, 46/6).
Bu ayə də bu işin şirk olduğunu hökmə bağlayır. Allah Təala belə buyurur:
قُلْ اِنَّمَا اَدْعُوا رَبِّى وَلَا اُشْرِكُ بِهِ اَحَدًا
“De: “Mən ancaq Rəbbimə dua edirəm, ona heç kimi şərik qoşmaram!” (“Cinn” surəsi, 72/20).
Nəticə etibarilə, duaya ibadət mənası vermək bəzi ayələri Qurandan çıxarıb atmaq kimidir. Məsələn, bu davranış yuxarıdakı üç ayəni bütə ibadət edənlərə məxsus hala gətirmişdir. Allah Təala ibadət və dua sözlərini fərqli mənalarda işlətdiyinə görə Quranın təfsirini və tərcüməsini edənlər bu fərqə diqqət yetirməlidirlər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.