Müsəlmanlar

Lovğaya qarşı lovğalıq etmək lazımdır?

Sual: Mən belə bir söz eşitmişəm: “Təkəbbürə (kibr) qarşı təkəbbürlü olmaq sədəqədir”. Deyilənə görə bu, peyğəmbərin bir sözü, yəni, hədisdir. Həqiqətən də, belədir, yoxsa bu söz sonradan uydurulub?

Cavab: Bəli, bəzən camaat arasında deyilir ki, lovğaya qarşı lovğa olmaq lazımdır. “Kibrə qarşı kibr sədəqədir (التكبر على المتكبر صدقة)” sözü məşhur bir sözdür, ancaq peyğəmbər hədisi deyil.

Əslində bu sözün müxtəlif ifadə formaları da var. Məsələn, belə deyilir:

“Lovğalanan adama qarşı gərək lovğa olasan”.

“Lovğalıq edənə qarşı lovğalanmaq gözəl bir hərəkətdir”.

“Filan işi görənin qabağında gərək sən də filan hərəkəti edəsən, yoxsa deyərlər ki, filankəsin … yoxdur”.

Bu barədə geniş məlumat üçün aşağıdakı mənbələrə baxa bilərsiniz:

1) Molla Əliyyu-l-Qari, əl-əsraru-l-mərfua fi-l-əhadisi-maudua (əl-mauduatu-l-kubra), təhqiq edən Muhəmməd ibn Lütfi əs-Sabbağ, 2-ci nəşr, Beyrut, 1986-cı il, s. 175, hədis nömrəsi 142;

2) İsmayıl ibn Muhəmməd əl-Əcluni, kəşfu-l-xəfa, 3-cü nəşr, Beyrut, 1988-ci il, 1-ci cild, s. 313, hədis nömrəsi 1011.

İmanlı bir insan heç kimə qarşı lovğalıq etməz, etməməlidir. Amma: “İman edənlərə hörmət edib kafirlərə qarşı başı uca olur. Allah yolunda cihad edir və qınayanın qınağından qorxmur” (Maidə, 5/54).

Lovğalanmaq ayrı şeydir, haqsızlığın və kafirin qabağında möhkəm durmaq ayrı şey. Bunları bir-birinə qarışdırmaq olmaz.

Müsəlman insan həmişə hər yerdə öz ləyaqət, insanlıq və şərəfini qorumalıdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.